10 illik proqram, milyonlarla pul, dəyişməyən kino

“Papaq” kimi yüzlərlə film “Azərbaycanfilm” kinostudiyasında çəkilib. O vaxtlar gəlib-gedəni kəsilməyən bu kinostudiyanın indi dəhlizləri boş, otaqları kilidlidir. Yeni nəfəs olsun deyə, Azərbaycan kinosunun inkişafı üçün onillik proqram qəbul edildi. Elə kinostudiya binasının adı bu proqramda çəkilir. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”-na görə, bina təmir olunub, yeni texnologiya ilə təchiz edilməli idi. Bu, hələ hamısı deyil.

-Dövlət sifarişi ilə filmlərin istehsalı təkmilləşdirilməli;

– “Euvroimage” Dəstək Fonduna üzvlük təmin edilməli;

-Regionlarda kinoteatrların yenidən qurulması və əsaslı təmirin həyata keçirilməli idi.

Proqram qəbul edildi və bitdi. Bəs nəticə? Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov deyir ki, Dövlət Proqramının vaxtı bitsə də, bu müddətdə kinostudiyanın texniki bazasına vəsait ayrılmayıb: “Bu 10 il ərzində “Azərbaycanfilm” kinostudiyasına 10 milyon manatdan artıq pul daxil olub. Mənə elə gəlir ki, bu puldan daha qənaətcil istifadə etməklə, heç olmasa çəkiliş kameraları almaq, işıq cihazlarını yeniləmək olardı. Təəssüf ki, kinostudiya hələ də icarəyə alır bu texnikanı”.

Kinoşünas Aygün Aslanova da ötən onillikdə kinostudiyanın işini sıx-sıx izləyib. O düşünür ki, faydalı ola biləcək bəndlərin heç biri həyata keçirilməyib, halbuki proqramda kino işçilərinin bir çox tələbi əks edilmişdi: “O boyda prezident təkliflərini proqram, tələb şəklində qoyub, o qurumlar prezidentin təkliflərini nəzərə almayıblar. Məsələn, “Euroimage” Beynəlxalq Kinoya Dəstək Fonduna üzv olunması, regionlarda kinoteatrların açılması, kinoprakat sisteminin bərpa olunması, yenidən qurulması və s. 2, ya 3 bəndi həyata keçirilib: Dövlət Film Fondu və “Nizami” kinoteatrı bərpa olunub. Soruşmaq lazımdır ki, o məbləğ hara sərf olunub”.

Sözügedən Dövlət proqramı ölkə başçısı İlham Əliyevin 2007-ci idə verdiyi sərəncamla hazırlanıb. Proqramda kinonun inkişafına dair tələblər qeyd olunub. Elə götürək tədbirlər planına daxil olan, “Euroimages”-ə üzvlüyü. Avropa Şurasının kinoya dəstək fondu olan “Euroimages” üzv ölkələrin kino çəkilişlərinə maliyyə dəstəyi verir. Rejissor Əli İsa Cabbarov bu mənada “Euroimages”-a üzvlüyün zəruri olduğunu deyir: “Gürcüstan da, Ermənistan da “Euroimages”-ın üvzüdür. Bu, onların kinosunun inkişafına çox böyük dəstək verir. Bizim ora üzv olmayan yeganə Qafqaz ölkəsi olmağımız çox təhlükəli və pis bir haldır. Mən səbəbini birbaşa soruşanda məmurlardan hərəsi bir traftofka eləyir. Büdcənin şəffaflığında maraqlı olmamaq, Avropa strukturları ilə gərgin münasibət və yaxud məmur məsuliyyətsizliyi – hansı əsasdır, bilmirəm”.

Mədəniyyət və Turizm Nazirliyi, Kino Yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov “Euroimages”-ə üzvlük məsələsinin müzakirə olunduğunu deyir. Proqrama ayrılan maliyyəyə gəldikdə, Yusif Şeyxov bildirir ki, məbləğ təxminən 50-60 milyon manatdır ki, ona da bir sıra işlər görülüb: “2008-ci ildən bəri 44 bədii, yüzlərlə sənədli və 10-15 cizgi filmi çəkilib”.

Kinoşünas Aygün Aslanovaya görə, bu say kinonun inkişafı demək deyil. Onun sözlərinə görə, Azərbaycanda kinonun yeganə maliyyə mənbəyi dövlətdir deyə rejissorlar bir növ dövlətdən asılı hala düşür. Ciddi, müəllif kinosu çəkmək istəyən rejissor dövlət qurumlarına müraciət etməli olur. Mədəniyyət və Turizm Nazirliyi isə yalnız öz bəyəndiyi ssenarilərə pul ayırır. Komediya çəkənlərin bəxti gətirib, Aygün Aslanova deyir ki, özəl şirkətlər, adətən, kommersiya filmlərini, yəni kinokomediyanı maliyyələşdirir. Proqrama görə bir sıra kinoteatrlar bərpa olunmalı və kinoteatrlar şəbəkəsi yaradılmalı idi. Əksinə, bu vaxt kəsiyində bir sıra kinoteatrlar – o cümlədən, “Vətən”, “Dostluq” kinotearları hərraca çıxarılaraq satılıb.

Bəs Bakı sakinləri bu Dövlət Proqramının kinoya təsirini hiss ediblərmi?

Devalvasiyadan öncə, inkişaf proqramından əlavə, kino sahəsinə hər il təqribən 6 milyon manat vəsait ayrılıb. Hazırda bu rəqəm 1 milyon 500 min manata endirilib. Kinoşünaslar bu məbləğin keyfiyyətli kino istehsalında yetərli olmadığını deyir. Proqram bitsə də, Kino Yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov ehtimal edir ki, yenisi qəbul ediləcək: “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmiri xarici şirkət tərəfindən layihələndirilib, lakin yenidənqurmanın özü hələ aparılmayıb”.

Rejissor Əli İsa Cabbarov Azərbaycan kinosunun müəyyən nailiyyətlər də əldə etdiyini deyir: “Müsbət dəyişikliklər budur ki, kommersiya kinosu inkişaf edib, Azərbaycan Venesiya festivalının proqramında bir dəfə, “Karlovi Vari” festivalında bir neçə dəfə olub, Azərbaycan Asiya “Oskar”ını iki dəfə əldə edib. Mənfiliklər isə odur ki, “Euroimages”-ə üzvü olmadıq, birgə istehsalımız yoxdur, müəllif kinosu və ciddi kino çəkən prodüser şirkətlərinə xüsusi bir dəstək yoxdur”.

Vətəndaşların yaxşı film izləmək, rejissorların da keyfiyyətli film çəkə bilməmək problemi qalmaqda davam edir. İndi kino işçilərinin əsas istəyi kinonu idarə edən ayrıca qurumun yaradılmasıdır. Elə bu tələb özü də qəbul olunan Dövlət Proqramında qeyd olunmuşdu.

Ana səhifəVideo10 illik proqram, milyonlarla pul, dəyişməyən kino