10 illik həbsin bəraət davası (VİDEO)

 1998-ci ildə 14 il azadlıqdan məhrum olunan Yusif Əmirov günahsız  həbs yatdığından şikayətçidir. O, həbsinin əsl  səbəbinin Şərur rayonunun odönəmki polis rəisi olmuş Salman Vəliyevin onun həyat yoldaşına vurulması olduğunu deyir. Şikayətçinin söylədiyinə görə, namusunu qorumaq üçün polis rəisinin yanına gedib, onunla haqq-hesab çürütmək istəyib. Salman Vəliyev  isə ona rəisə qarşı çıxmağın hesabını ödəyəcəyini deyib. Bu hədədən sonra  Salman Vəliyev rayonda öldürülən bir gəncin cinayətini  üzərinə yıxıb, ona  14 il iş verdirdiyini deyir Yusif əmirov:

 “Salman mənə iş verdirmək üçün  Naxçıvanda nə qədər məhkəmə axtardı. Hamı bilirdi ki, bu, saxta işdir. Mənə iş vermədilər. Allah haqqı. Axırda getdi Ordubad Məhkəməsinə. Elman Yəhyayev adlı ona insan deyim, adam deyim, nə deyim? Dilim gəlmir ona adam deyim”.

Məlum məhkəmənin hakimi Elman Yəhyayevin  qərarı ilə 14 il iş alan Yusif Əmirov  söyləyir ki,  həbsdə olarkən, günahsız olduğu ilə bağlı baş prokurorluğa məktub göndərib.  Müraciətindən sonra cəzasının  4 ili ləğv edilib. Azadlığa çıxandan , bəraət almaq üçün hüquq mühafizə orqanlarına, Prezident Aparatına müraciət edən şikayətçi qaneedici cavab ala bilmədikdə,  intihara cəhd edib:

 “Mən də naəlac qaldım, getdim, çıxdım körpüyə. Dedim, gedib,orada camaatın qarşısında özümü yandırım. Əlimdə də 20 dənə başıma gələnləri əksetdirən kağızlar götürdüm. Orada jurnalistlərə payladım.  Millət vəkili Qənirə Paşayevanı çağıtdırdım. Ona çox inanırdım. Indi də inanıram”.

Yusif Əmirov onu da deyir ki, körpüdə olduğu vaxt millət vəkili  Qənirə Paşayevanın  onu xilas etməyə gəlməsinə  və səhəri gün Sabunçu Polis İdarəsində onunla görüşməsinə baxmayaraq, sonradan zənglərinə cavab verməyib. Şikayətçi  FHN-nin işçilərinin də onu aldatdığını deyir:

 “Məni aldatdılar ki, Kəmaləddin müəllim deyir ki, düşsün, o kişini götürün, gəlin, bura. Allah haqqı, əgər o, düzdürsə, onun işinə kömək edəcəm. İki-üç gündən sonra mən getdim Kəmaləddin müəllimin yanına. Deməyəsən, məni aldatdılar ki,xaricdədir”.

Hadisədə adıkeçən Salman Vəliyevi tapmaq mümkün olmayıb.  Baş Prokururloqdan məsələ ilə Meydan Tv –yə araşdırma aparılacağını  desələr də, sonradan zənglərə cavab verilməyib.

Millət vəkili Qənirə Paşayeva  deyir ki, o, səlahiyyətləri daxilində əlindən gələni edib:

 “Onun şikayəti elə bir şikayət deyil ki, biz onu yerindəcə həll edəcəyimiz məsələ olsun. Onun şikayətinin içərisinə baxsanız, keçmişdə olmuş məhkəmələrlə, həbsxanayla bağlı məsələlərdir. Bunun da əsasında millət vəkilinin edə biləcəyi məsələ rəsmi qurumlara bununla bağlı müraciət göndərməkdir. Mən də həmin müraciəti göndərmişəm”.

Millət vəkili bildirir ki, ona müvafiq orqanlardan şikayətin araşdırıldığını deyiblər. Qənirə Paşayeva onu da bildirib ki, Yusif Əmirov ona sonradan müraciət etməyib:

“İkincisi də ki, mən parlamentdə oluram. Yusif bəy ondan sonra gələ bilərdi və yenə gələ bilər. Buyursun,sabah gəlsin. Mən onu gözləyirəm. Təkrar söhbət edərik. Ona təkrar izah edərəm biz bu məsələ ilə bağlı haralara müraciətlər etmişik. Və bununla bağlı başqa bir fikir və düşüncələri olsa, o müraciətləri də  təkrar aidiyyatı qurumlara göndərərik”.

FHN sözcüsü Oqtay Bayramov  isə deyir ki,  təmsil etdiyi qurumun işi insanları xilasetməkdir:

 “Nazirliyin xilasetmə xidmətinin əməkdaşlarının vəzifə borcudur ki, hər hansı bir intihar edən şəxsi xilas etsin. Amma kimsə bizim xilasedicilərən ona nə isə deyib, kimsə atıb özünü, kiməsə 20 il iş veriblər bunun mənə nə dəxli var?”

 Ölkə mediasının  ötən il “Koroğlu Körpüsü”ndə intihara cəhd edərkən tanıdığı Yusif Əmirovun indi yeganə istəyi özünün dediyinə görə,  günahsız yerə 10 il həbs yatmasının səbəbkarlarının cəzalandırılması və bəraət almasıdır.

 “Uluöndər Heydər Əliyevin bir yaxşı sözü vardı. Naxçıvanda həbsxananın divarlarına yazılmışdı. Deyir, dövlət iki şeydən sarsıla bilər. Cinayət cəzasız qalanda və bir də günahsıza cəza veriləndə”.

Ana səhifəVideo10 illik həbsin bəraət davası (VİDEO)