Ödənilən məbləğlər kompensasiya öhdəliyinin 90 faizdən artığını təşkil edir
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. Bu barədə fondun rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, noyabrın 23-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 863 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 miyon 410 min manatdan artıq kompensasiya ödənilib.
Həmçinin “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 926 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilib. Bu 2 bank üzrə ümumilikdə 16 milyon 144 min manatdan artıq kompensasiya ödənilib.
Məlumatda qeyd olunur ki, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya verilib. 3 bank üzrə ümumilikdə 145 milyon 205 min manatdan artıq kompensasiya ödənilib.
Noyabrın 23-də həmçinin “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 41 milyon 884 min manatdan artıq kompensasiya verilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 milyon 643 min manatdan artıq kompensasiya ödənilib.