“Kapital çatışmazlığı ilə üzləşən bankların sayı 10-a yaxındır”, – Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin sözləridir.
APA yazır ki, Z. Nuriyev kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatasının normalarına cavab verməyən bankların sayının 10-a yaxın olduğunu söyləyib:
“Bankların təxminən hamısı audit hesabatlarını açıqlayıb. Buna əsasən deyə bilərik ki, kapital çatışmazlığı olan bankların sayı 10-a çatır. Yerli standartlara əsasən, bankların çoxunda kapital yetərliliyi var. Beynəlxalq standartlar isə vəziyyətin fərqli olduğunu deyir. Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır”.
Bundan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kapital çatışmazlığı ilə üzləşən dörd bank tənzimləyicinin nəzarətinə götürülüb. Buna münasibət bildirən assosiasiya prezidenti deyib ki, Palatanın nəzarətində olan bankların sayında dəyişiklik yoxdur:
“Palatadan verilən məlumata görə, hələlik bu cür bankların sayında dəyişiklik yoxdur”.
Azərbaycanda hazırda 32 bank var. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirə bilmədiyini açıqlayıb. Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Ekspertlər bu il Azərbaycanda daha bir neçə bankın bağlanacağını təxmin edirlər.