”1 sərnişinin daşınmasına görə metro 34 qəpik ziyanla işləyir”

”Reklamlardan, ticarət sahələrindən olan gəlirlər barədə məlumatlar və xərclərin strukturu aydın olandan sonra bu məsələni şərh etmək olar”

Source:
Bakı metrosu
Bakı metrosu


”Reklamlardan, ticarət sahələrindən olan gəlirlər barədə məlumatlar və xərclərin strukturu aydın olandan sonra bu məsələni şərh etmək olar”

“Son rəsmi məlumata görə, 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur”.

Bunu “Modern.az”-a müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda 1 sərnişinin daşınmasına görə metro 34 qəpik ziyanla işləyir:

“Metro hər zaman ziyanla işləyib. Ziyanla işləməyimizə baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq hər il metropolitenə dotasiya ayrılır”.

Nəsimi Paşayev vurğulayıb ki, metroda ən aşağı gedişhaqqı Azərbaycandadır:

“Bildiyiniz kimi, Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Təmsil etdiyim qurum tərəfindən isə qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət olunmayıb”.

Qurum sözçüsü onu da qeyd edib ki, metroda sərnişin sıxlığı mövsümdən asılı olaraq dəyişir:

“Yay rejimində gün ərzində təxminən 400-450 min, qış rejimində isə 700 min nəfər daşınır. İl ərzində təxminən daşınan sərnişinlərin sayı 210 milyondur”.

Rövşən Ağayev foto sosial şəbəkə

“Metropoliten” QSC rəsmisinin fikirlərini şərh edən iqtisadçı Rövşən Ağayev Meydan TV-yə bildirib ki, dövlətin göstərdiyi müxtəlif xidmət sahələrinin maya dəyəri barədə mübahisə aparmaq istəmir. Çünki bu məsələlərlə bağlı informasiya qıtlığı var: “Qarşı tərəfdə informasiya olsa da, biz həmin informasiyalardan məhrumuq. Çıxış yolu həmin təşkilatların, şirkətlərin ictimaiyyət üçün açıq olmasıdır. Maliyyə hesabatları təqdim etdikləri formada olmamalıdır. Məsələn, “Metropoliten” QSC-nin bu istiqamətdəki informasiyaları da məhduddur. “Metropoliten” QSC-nin saytına gediş haqqından olan gəlirləri qoyurlar, amma başqa gəlirləri qoymurlar. Konkret olaraq, reklamlardan, ticarət sahələrindən olan gəlirlər, gərək, bu məlumatların hamısı qoyulsun və xərclərin strukturu aydın bilinsin. Yəni gəlir və xərclər ictimaiyyət üçün şəffaf olmalıdır. Yalnız bundan sonra gəlirlərin xərcləri nə qədər qarşılaya bilməsi barədə nəsə demək olar. Bu məlumatlar aşkar olmadığından mən Nəsimi Paşayevin dediklərini şərh etməyə çətinlik çəkirəm”.

Ana səhifəXəbərlər”1 sərnişinin daşınmasına görə metro 34 qəpik ziyanla işləyir”