1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hamilə qadının körpəsini itirdiyi bildirilir

Mənbə: Meydan TV

Buna səbəb kimi qadına tibbi dəstək göstərilmədiyi deyilir

Martın 3-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan 4 aylıq hamilə olan məhbus G.M.-nin tibbi dəstək göstərilmədiyindən körpəsini itirdiyi bildirilir.

Təcridxanadakı mənbələrdən “AbzasMedia”ya daxil olan məlumata görə, məhbus bir həftə boyunca ağrılarının olduğunu desə də, ona tibbi yardım göstərilməyib.

“Hər həkim çağıranda ona sadəcə, ağrıkəsici vurub gediblər. Martın 3-ü səhər saat 7 radələrində növbəti dəfə onun ağır sancıları tutub. Yalnız 1 saat sonra xərək gətirildi və o, xəstəxanaya göndərildi. Ancaq həkim gələnə kimi o, bətnindəki körpəsini itirmişdi”, –məlumatda bildirilib.

1 saylı Bakı İstintaq Təcridxanasında tibbi xidmətin keyfiyyətsiz olduğunu “AbzasMedia”nın bu müəssisədə saxlanılan əməkdaşları davamlı olaraq ictimailəşdiriblər.

2025-ci il yanvarın 7-də Ombudsman Aparatından saytın həbsdəki baş redaktoru Sevinc Vaqifqızına (Abbasova) bildirilib ki, onun müraciəti Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə yönəldilib və idarə xidmətin keyfiyyətsiz olması ilə bağlı deyilənləri təkzib edib.

“Bakı İstintaq Təcridxanasında tibbi xidmətin fəaliyyəti həftə içi qrafik üzrə iş saatlarında müxtəlif ixtisaslı həkimlər və orta tibb işçiləri tərəfindən təmin olunur. Sutkanın qalan hissəsi və bazar günləri üçün 1 nəfər tibb işçisi növbətçi kimi xidmətin fəaliyyətini davam etdirir. Zərurət yarandığı hallarda müəssisəyə təcili və təxirəsalınmaz tibbi yardım” briqadasının çağırılması və xəstənin təcili etapla müalicə müəssisəsinə köçürülməsi mümkündür”, – Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib.

Ədliyyə Nazirliyinin Baş Tibb İradəsindən baş verən halla bağlı açıqlama almaq mümkün olmayıb. İdarə telefon zənglərinə cavab verilməyib.

Ana səhifəSosial1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hamilə qadının körpəsini itirdiyi bildirilir