“Çanaqqala” restoranının sahibi qudasını həbsdən qurtarmağa çalışıb
Fevralın 2-də Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, rüşvət almaqda və digər cinayətlərdə təqsirləndirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyininİstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin həbsdə olan rəisi Vüsal Ələkbərovun məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda Vüsal Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Bildirib ki, onun azadlıqda olması zərərçəkmiş şəxslərin xeyrinə olacaq.
Lakin məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər bu fikrə etiraz ediblər. Onlar zərərin ödənilməsini istəyiblər. Məhkəmə həmin vəsatəti təmin etməyib.
Daha sonra iclasda zərərçəkmiş Nizami Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov ifadə verib. O bildirib ki, qudası Nizami Kazımovun həbsdən azad olunması üçün MTN əməkdaşları 2 milyon dollar istəyiblər. Onlar da əvvəlcə 1 milyon dolları Vüsal Ələkbərova veriblər.
İclasda şahid qismində Nizami Kazımovun kürəkəni Samir Nadirli də ifadə verib. O, ifadəsində deyib ki, Vüsal Ələkbərov ondan həbs edilən qayınatasının üzünə durmağı tələb edib: “Bu işlə bağlı ərizəmi aldılar, amma məni dindirmədilər”.
Samir Nadirli Nizami Kazımovun həbsdən azad edilməsi üçün 1 milyon dolları Vüsal Ələkbərova MTN-nin binasının arxa tərəfində verdiyini deyib.
Məhkəmə iclası fevralın 9-da davam edəcək.
V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrinə əsasən ittiham edilir.