Özünü yandırmış Qarabağ qazisi Zaur Həsənov vəfat etdi. Zatən deyirdilər ki 1-2% yaşamaq şansı var idi.
Bu 1-2 faiz məsələsi məni çox tutdu. Sanki bir çox şeyləri bu rəqəmlə izah etmək olar. Ölkədə demokratik dəyişikliyin şansı, ölkədə mübarizə aparan insanların miqdarı, iqtidarın cəmiyyətlə və ya müxalifətlə dialoqa getmək ehtimalı, ölkədə qəşəng pul qazanan və gözəl yaşayan insanların sayı, azad mətbuatın cəmiyyətin neçə faizinə çatım şansı və s. və ilaxır.
Və 1-2 nəfər özünü yandıran insan. Bir iki nəfər yanan insan. Sanki marjinal bir miqdardı, özünü bir şəkildə ortaya qoymaq istəyir. Əlacsızlığın, məzlumiyyətin, gücsüzlüyün simvolu – 1-2 faiz.
Əslində, bir vətəndaş, bir düşünən insan kimi Azərbaycan iqtidarına məsləhətim budur ki dərhal cəmiyyətlə dialoqa başlasın. Ayrı-ayrı insanlara pul verib susdurmaq uzaqgörən siyasət deyil. Ədalət prinsipinə riayət sadəcə idealist yanaşma deyil, toplumu böyük təlatümlərdən qorumaq mexanizmidir, çünki “ədalət mülkün (yəni dövlətin) təməlidir”.
Yəni məhz dövlətin təməlidir. Əslində mən bu baxımdan həm də realistəm və düşünürəm ki indiki mərhələdə Azərbaycanda “dövlət” və “var-dövlət” anlayışları bir birinə çox yaxındı. Və sırf var-dövləti qorumaq baxımından da ədalət çox önəmlidi.
Niyə bu vacibdi və niyə məhz Azərbaycanda bu qədər önəmlidi bu məsələ?
İş ondadır ki, Azərbaycan əslində neftlə çox zəngin ölkə deyil. Yəni neftimiz var amma biz nə Rusiya, nə Qazaxstan, nə İran, nə Səudiyyə nə də Kuveyt deyilik. Yəni təbii sərvətlərimiz və onlardan gələn gəlir yuxarıda adı çəkilən ölkələrdəkindən xeyli azdı. Amerikalı araşdırmaçı Çarlz Feyerbanks deyir ki, bu səbəbdəndir ki, Azərbaycanda hökumət oğurlayanda xalqa çox az qalır. Sosial bərabərlik bu baxımdan daha barizdir, xüsusilə mərkəz və əyalət arasındakı qeyri-bərabərlik.
Yəni resurslar az olduğu üçün və korrupsiya çox olduğu üçün, dövlət “bütün cəmiyyəti rifah sisteminə otuzdura bilmir”, deyir Feyerbanks. Yəni bütün xalqı dolandıra bilmir. Və bu hal da öz növbəsində ona gətirib çıxarır ki, imkansızlar imkanlılara nifrət etməyə başlayır. Və imkanlıların əksəriyyəti hökumətin ərtrafında qaynaşdığı üçün bu narazıçılıq hökumətə qarşı, siyasi iqtidara qarşı yönəlir.
Ya zəlzələdən ya vəlvələdən, bir şəkildə mütləq hakimiyyət bir gün sarsılır. Daha çox içəridən olur bu. Bu yaxınlarda professor Rəhman Bədəlov mənə iki hissədən ibarət bir sənədli film verdi. BBC çəkib, adı Dünyanın Tarixidir (The history of the world). Filmin bir qismi Sovet ədəbiyyatından Fransa burjua inqilabı kimi tanıdığımız inqilabdan bəhs edir. Filmdə deyilir ki, 1789-da Fransada inqilaba yol açan o oldu ki, Fransa kralı Amerikaya İngiltərə ilə müharibədə dəstək oldu və sonradan ora yatırdığı pulları xalqdan (tacirlərdən, əsnafdan və s.) vergi yolu ilə almağa çalışdı. Bu zaman ölkə bir-birinə qarışdı. Bəzən büdcədə pul azalanda onu vətəndaşdan çıxarmağa meyllənir hökmdarlar. Sonu isə pis olur. Qan olur.
Bunları kimisə qorxutmaq üçün yazmıram. Və ya “mən inqilaba inanıram” və ya “mən inqilabın əleyhinəyəm” kimi mənasız bir ayırma haqqında da danışmaq istəmirəm. Bu cür inanclara inanmıram. Bu ya olur ya da yox. Gələndə də çox vaxt soruşmadan gəlir. Ola bilər bu gün əlaqəsiz və əhəmiyyətsiz görünən bir məsələyə görə xalq ayağa qalxa bilər. Məsəl üçün Topxana meşəsi. Nə meşələr qırıldı ondan sonra heç kimin vecinə olmadı. Və Gezi Parkında ağacların kəsilməsi ilə meşə yenidən gündəmə gəldi.
1-2 faiz məsələsinə qayıtmaq istəyirəm yenə. 1-2 faiz bir marjinallığın göstəricisidi. Marjinallıq sərhəddə olanı göstərir, cəmiyyətin əksəriyyətindən kənarda qalanı göstərir. Maraqlıdır ki, Azərbaycanda həm siyasi elitanın yanında olan imkan sahibləri həm də dəyişiklik istəyən qeyri-imkan sahibləri marjinaldır. Bu yaxınlarda iqtisadçı Rövşən Ağayev dedi ki imkanlılar hardasa Azərbaycan əhalisinin 2-3 faizidir. Təxminən dəyişiklik istəyənlər də (siyasi partiyalar, intellektuallar, aktivistlər və s.) hal-hazırda bu qədər olar.
Halbuki ABŞ-ın Renselir Politexnik İnstitutu (Rensselaer Polytechnic Institute) bu yaxınlarda hesablayıb ki, bir fikrin cemiyyetde hakim olması üçün onu əhalinin ən azı 10 faizi dəstəkləyib müdafiə etməlidir. Ondan aşağası həll etmir məsələni.
Marjinallıq əslinə baxanda pis şey deyil, hər yerdə hər zaman marjinal insanlar və qruplar olur. Problem o yerlərdədir ki, marjinal olmalı olmayan təbəqələr marjinal olur. Məsəl üşün, jurnalistlər, ziyalılar, siyasi partiyalar, vətəndaş cəmiyyəti və s. Və bu zaman da 1-2 faizdə ilişib qalırıq, 10 faizə çıxa bilmirik.