Azərbaycanlı fəal Abbas Lisaninin azadlığı tələb edilir

Azərbaycanın bir sıra siyasi partiyaları və dünyadakı azərbaycanlı ziyalılar bəyanatlar verirlər

İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb Ettelaata təhvil verildiyi bildirilən azərbaycanlı fəal Abbas Lisaninin müdafiəsi ilə bağlı bəyanatların və aksiyaların sayı artır.

Müsavat Partiyasının bəyanatında Abbas Lisani başda olmaqla İran həbsxanalarında saxlanılan bütün milli fəalların bəraət verilməklə dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

“Bu günlərdə milli-mədəni fəal, azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizənin liderlərindən biri Abbas Lisani İran rejimi tərəfindən növbəti dəfə həbs olunub. Bundan əvvəl də Babək qalası yürüşü və Savalan dağını ziyarət etdikləri üçün xeyli sayda azərbaycanlı fəal, o cümlədən Abbas Lisani İran məhkəmələri tərəfindən həbsə məhkum edilmişdi”, - bəyanatda qeyd edilir.

Müsavat Partiyası bütün bu baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, vətəndaşların milli mənsubiyyətinə görə təqib edilməsi kimi qiymətləndirərək, qətiyyətlə pisləyir.

Oxşar bəyanatla Azərbaycan Demokratiya və Rifah Hərəkatınn sədri Qubad İbadoğlu da çıxış edib:

“İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilərək zindanın ən çətin yerində saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin hazırkı sağlıq durumu narahatlıq doğurur. Gözlənilir ki, onu yenidən şərləyərək uzunmüddətə zindanda saxlasınlar”.

Q.İbadoğlu bəyanatında Abbas Lisaniyə azadlıq tələb etdiyini bildirib.

Vaşinqtonda yaşayan azərbaycanlı politoloq, yazar və milli fəal Zaur Bayramlı Abbas Lisani və digər Güney azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə video görüntülü aksiya başladıb. O, öz sosial şəbəkə səhifəsində Abbas Lisanini və digər Güney azərbaycanlı məhbusların azadlığını tələb edən video görüntü yayıb və bənzər görüntüləri bütün Azərbaycandan və türk dunyasında yaşayan ziyalı soydaşlarından yaymalarını xahiş edib.

İranda xalxallı milli-mədəni fəallar digər Azərbaycan şəhərlərində olduğu kimi, divarlara şüarlar yazaraq tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Şəhərin müxtəlif məntəqələrində “Abbas Lisani azad olunsun”, “Biz hamımız Abbas Lisaniyik”, “Yaşasın Abbas Lisani” və s. kimi şüarlara rast gəlindiyi bildirilir.

Tanınmış fəalın saxlanmasına qarşı etirazlar ara vermir. Azərbaycanlı fəallar “Biz hamımız Abbas Lisaniyik” adlı kampaniya başladaraq ərdəbilli fəalın qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı danışdıqları videoları internetdə yayırlar.

Ötən günlərdə Ərdəbil, Təbriz, Urmiyə, Mərənd, Əhər, Tehran, Muğan, Çaypara, Sulduz və s. kimi şəhərlərdə Abbas Lisaninin qanunsuz saxlanmasına etiraz olaraq divarlara oxşar şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

"Günaz TV"-nin məlumatına görə, Abbas Lisani 2018-ci il iyulun 2-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılıb.

“Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum musiqiçi Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

Sonralar Abbas Lisaniyə Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən SMS göndərilərək ondan sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub. Lakin fəal bu barədə bəyanat yayaraq məhkəməyə qanunsuz şəkildə çağırıldığını bildirib və prosesə qatılmayacağını vurğulayıb. Məlum olub ki, fəal barəsində 10 aylıq həbs qərarı çıxarılıb. Sonralar həbs cəzasının icrasına başlanılıb. Abbas Lisani yanvarın 5-də Ərdəbil İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinin məmurları tərəfindən yaxalandıqdan sonra 10 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına aparılıb.

Fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz etdikdən sonra həbsxana məmurları tərəfindən yanvarın 6-da Təbriz zindanının karantin bölümündən Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə aparılıb. Hakim fəalın yazılı etirazına baxdıqdan sonra həbs hökmünün icrasını dayandırıb.

Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin edib.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb və Ərdəbilin Ettelaat İdarəsinə təhvil verilib.

O, hazırda Ərdəbil zindanının karantin bölümündə saxlanılır. Fəal saxlandığı gündən onunla bağlı məlumat verilmir, sadəcə onun Təbriz məhkəməsində saxlandıqdan sonra Ərdəbilə intiqal edildiyi bildirilib. Fəal kimsə ilə görüşdürülmür, o, telefon əlaqəsi də saxlaya bilmir”, - məlumatda deyilir.

Xəbərdə deyilir ki, Abbas Lisani bundan əvvəl elan edib ki, qanunsuz şəkildə saxlanılarsa, aclıq aksiyası keçirəcək.