100 il öncəki parlamentin ilk qərarı siyasi məhbuslarla bağlı olub

1 əsr öncə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bu binada indiki Əlyazmalar İnistitutunda açılır.
"Bir kərə yüksələn bayraq bir daha enməz" alqış sədaları eşidilir.

Ömrünün gərgin çağında ərsəyə gələn 17 ay yaşayan parlamentin öncəliyi hansı məsələlər idi?

"İlk növbədə siyasi məhbuslara azadlığın verilməsi ilə bağlı komissiya yaradıldı. Bu, qanun şəklində qəbul olundu.

Çünki parlamentin açılması məsələsi ilə bağlı idi", - Firdovsiyyə Əhmədova deyir.

"Ola bilsin, bizim indi informasiyamız çoxdur, biz indi daha çox bilirik. Amma nə olsun bizim azadlığımız yoxdur. Bizim parlamentdə müxalifət fraksiyası yoxdur", - Real Partiyasının üzvü Erkin Qədirli deyir.

Tarixçilər söyləyir ki, Cümhuriyyət parlamenti təməl hüquqları ələ alıb, fəaliyyətini demokratik prinsiplərə uyğun şəkildə həyata keçirirdi.

"Qeyri kəslərin, yəni administrasiyanın haqqı yoxdur ki, məhkəmədən kənar qəzetə yazanı cəzalandırsın", - Şəfi bəy Rüstəmov çıxışında deyir.

"Nəriman Nərimanov Moskvada Azərbaycan hökuməti, ölkədəki durum haqqında məlumat verərkən ifadə eləmişdi ki, ziyalılar yaxşı məvaciblə təmin olunur. Müxtəlif adlarda, müxtəlif istiqamətlərdə qəzetlər, jurnallar çıxır. Tam söz azadlığının hökm sürdüyünü ifadə eləmişdi", - Firdovsiyyə Əhmədova danışır.

O dönəmin parlamenti büdcə xərcləmələri ilə bağlı sorğuları cavablayırdı. Nazir Xudadat bəy Məlikaslanov hətta hökumət sədrinin evinə mebel alınması məsələsi ilə bağlı sorğunu cavablayır.

"Hökumət sədrini bir çox əcnəbi nümayəndələri ziyarət ediyorlar. Hökumət sədrinə layiq bir ev əşyaları lazımdır. Vəzirlər öz evlərində hər növlə olsa keçinə bilərlər. Lakin əcnəbi nümayəndələrin yanında öylə keçinmək doğru deyildir".

“İbrətamiz bir məsələdir ki, Məhəmməd Əmin Rəsulzadə özü sədri olduğu bir şuranın istefaya getməsinə qərar verir. Nəyə görə? O,hətta belə də ifadə edir ki, ola bilər mürtəcə qüvvələr qarşısında demokratiya geri çəkilir. Lakin Azərbaycan dövlətçiliyi baxımından dövlətçilik şəxsiyyətlərin və partiyaların fövqündə olan bir hadisədir”, - Firdovsiyyə Əhmədova deyir.

Cəmi 17 ay fəaliyyət göstərən parlamentin 145 iclası olmuş, 270-dən çox qanun layihəsi müzakirə edilmiş, onlardan 230-a yaxını təsdiq edilmişdi.