Azərbaycan siyasətçiləri Gürcüstandakı seçkini dəyərləndirir

''Əsas siyasi dəyişikliklər parlament seçkilərində müəyyənləşəcək''

Noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin II turu keçirilib. Hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvili 59,52 faiz səslə prezident seçilib. Müxalifyönlü Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40 faiz səs toplayıb.

Azərbaycan siyasilərinin, ictimai xadimlərinin prosesə yanaşması müxtəlifdir.

“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli iddia edir ki, Gürcüstanda noyabrın 28-də baş tutan prezident seçkilərinin ikinci turu kütləvi saxtalaşdırma ilə müşahidə olunub.

Ancaq Zəlimxan Məmmədli öz qiymətləndirməsini subyektiv də ola biləcəyini deyib:

Zəlimxan Məmmədli
Zəlimxan Məmmədli

“Çünki hadisələrin içində olan kəslər və tərəflər var. Onların mövqeyi önəmlidir. Amma mən aldığım birbaşa və dolayı informasiyalar əsasında bu qənaətə gələ bilərəm. Saxtalaşdırmaların olması, seçicilərin ələ alınması, inzibati resurslardan istifadə cəhdləri olub. Seçki günündə ayrı-ayrı yerlərdə epizodik və kütləvi də olsa ciddi xətaların olması informasiyaları var. Bununla belə, mənim Gürcüstan seçkilərini Azərbaycandakı seçkilərlə müqayisə imkanlarım yoxdur, ona görə ki, bizdəki seçkilərin adı yoxdur. Sadəcə, 28 noyabr seçkiləri gözləntilərimizdən daha eybəcər oldu, biz tam demokratik və ədalətli seçki gözləyirdik. Müxalifət də seçkilərin saxtalaşdırıldığını, “karusel” olduğunu bəyan edib”.

Müsavat Partiyasının başqanı Arif Hacılı seçkilərin gürcü xalqının iradəsini əks etdirdiyini söyləsə də, təəssüf doğuran halların olduğunu bildirib.

Müsavat başqanı qonşu ölkədə formalaşmış seçki sisteminin olduğunu deyib:

“Gürcüstanda seçkilər əsasən azad və ədalətli keçirilir. 28 noyabr seçkiləri Gürcüstan xalqının iradəsini əks etdirir, təəssüf doğuran hallar var, bundan əvvəlki seçkidə administrativ resursun hakimiyyət namizədinin xeyrinə cəlb olunması, qanun pozuntuları faktları olub. Amma bu pozuntular seçkilərin ümumi nəticələrinə həlledici təsir etməyib”.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı Gürcüstanda yaxın zamanlarda keçiriləcək parlament seçkilərində pozuntuların aradan qalxacağını düşünür:

“Həm də qonşu ölkədə prezidentin xüsusi səlahiyyəti yoxdur, artıq sonuncu dəfədir prezident ümumxalq səsverməsi yoluyla seçilir. Ona görə də qüvvələr nisbətinin əsaslı şəkildə dəyişəcəyi gözlənilmirdi. Əsas siyasi dəyişikliklər parlament seçkilərində müəyyənləşəcək. Biz Azərbaycan vətəndaşı olaraq qonşu ölkədə demokratik prosesin güclənməsində maraqlıyıq, səbəb ordakı soydaşlarımızın və dost dövlətin olmasıdır. Gürcüstanda demokratik proseslərin genişlənməsi Azərbaycanın maraqlarına uyğundur. Ümid edirik ki, Gürcüstanda başlayan proses dönməz xarakter alacaq”.

ReAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “Facebook” səhifəsində yazıb ki, Gürcüstanda bütün siyasi qüvvələr Qərbyönümlü və Avrointeqrasiya tərəfdarıdır, məqsəd hamıda eynidir, sadəcə məqsədə çatacaq yollarda fərqlər var:

“Bütün siyasi qüvvələr Rusiyanı işğalçı dövlət sayırlar, sadəcə biziləri bu haqda bərkdən qışqırır, bəziləri isə sakitcə işini görüb Rusiyanın bazarından, turistlərindən yararlanırlar. Son 10 ildə Gürcüstana gələn rusiyalı turust sayı 7 dəfə, Gürcüstanın Rusiyaya satdığı məhsulların həcmi isə 3 dəfə artıb”.

Natiq Cəfərli xatırladıb ki, gürcülərin həyat səviyyəsi, orta aylıq maaşı, təqaüdü son 10 ildə 3 dəfədən çox artıb, ölkədə alıcılıq qabiliyyəti də yüksəlib, qiymətlər artıb, amma daxili bazarda ticarət və xidmətin həcmində də artım olub:

Natiq Cəfərli
Natiq Cəfərli

“Bundan əlavə Gürcüstana yatırılan investisiyaların həcmi son 10 ildə 4 dəfə artıb”.

Natiq Cəfərli bildirib ki, müxalifətdə olan sabiq prezident Mixail Saakaşvilinin partiyası yeni heç nə təklif edə bilmir, əsas hekayəsini keçmiş uğurlar üzərində qurub, amma post-Saakaşvili dövründə də uğurlar baş verib:

“Gürcüstan biznes üçün çox sərfəli ölkəyə çevrilib, vergilər az, gömrük tarifləri ağlabatan, kredit faizləri aşağı, kreditə çıxış imkanları rahatdır. Məsələ ondadır ki, Gürcüstanda sistem dəyişib deyə əhalinin düşüncə tərzi də dəyişib. Son 10 ildə yeni nəslin nümayəndələri siyasətdə, biznesdə özünə yer qazanıb, sistemin qarantına çevriliblər. Ən əsası Gürcüstan öz yolunu tapıb, pis-yaxşı gedir, həm də bizim üçün sivil dünyaya yol açır, buna görə də bizim ölkəmizin Gürcüstanın əsas donoru olması təbiidir. Gürcüstan bizim Qərbə açılan qapımız, iqtisadi uzantımızdır”.