Astara sakinləri: ''Qısaqapanmalar elektrik avadanlıqlarımızı sıradan çıxartdı''

Rayon mərkəzində elektrik enerjisinin verilişi tez-tez dayandırılır, xətlərində qısaqapanmalar baş verir

“Soyuducu xarab oldu, telefon aparatı yandı, lampalar partladı... Evdə bir dənə salamat elektrik cihazı qalmadı....”

Yanvarın 16-da gündüz saatlarında Astarada, Heydər Əliyev prospektində yaşayan Mirvari Cəfərovanın evinə elektrik enerjisinin normadan çox verilməsi nəticəsində baş verən qısaqapanmadan evdəki elektrik avadanlıqları sıradan çıxıb. Həmin küçədə yaşayan başqa ailələrdə də eyni problem yaşanıb.

Qonşunun divarı yanıb

Sakinlər Meydan TV-yə danışır ki, gün ərzində elektrik enerjisi tez-tez kəsilib. Hər dəfə xəttə elektrik buraxılanda evlərdəki elektrik avadanlıqları sıradan çıxıb. Elektrik avadanlıqları ilə “vidalaşanlandan” biri də Heydər Əliyev prospektində yaşayan Cəlil Həsənovdur. Onun sözlərinə görə, yenicə aldığı avadanlıqlar sıradan çıxıb:

“Axşam saat 6 olardı, növbəti dəfə elektrik normadan çox verildi, televizor alışdı, soyuducu tüstülədi. Hansı otaqda işığı yandırmaq istədiksə, lampalar partladı. Qonşunun “wifi madem”i alışıb, divarı yanıb”.

Eyni küçədə yaşayan Rəsmiyyə Quliyevanınsa “noutbuk”u sıradan çıxıb, qısaqapanma nəticəsində çilçıraq alışıb.

Getdik İdarəyə, bizi danladılar

Sakinlər yerli işıq idarəsinə getsələr də, iş gününün sonu olduğundan orada heç kəsi tapmayıblar. Yanvarın 17-də səhər saatlarında onlar yenə işıq idarəsinin qarşısına toplaşıblar. Rəsmiyyə Quliyeva deyir, idarə işçiləri günahı onların öz üzərinə yıxıblar:

“Biz getmişik bunların yaxasından yapışmağa, bunlar başladılar özümüzü danlamağa ki, görürdünüz ki, işıqlar tez-tez sönüb-yanır, gərək ehtiyatlı olaydız, elektrik avadanlıqlarını şəbəkədən ayırardınız. İdarənin rəhbərliyi ilə görüşə bilmirik. Deyirlər, işdə yoxdur. İşdə yoxdursa, bu, daha pis... Rayonun mərkəzi işıqsız qalıb, adamların avadanlıqları sıradan çıxıb, idarə rəhbərliyi iş vaxtı işdə tapılmır. Yox, əgər işdədirsə, abonentləri qəbul etmirsə, bu da pis... İndi idarənin qarşısına 5-10 nəfər yığışıb. Bir azdan adamların sayı yüzlərlə olanda qarşısını ala bilməyəcəklər. Adamlar cana doyub. Aylardır ki, bu problem var, hər gün elektrik kəsilir, sonra da yüksək gərginliklə verilir. Çıxıb əhaliyə səbəbini izah edən yoxdur”.

Sakinlərin deməsinə görə, Heydər Əliyev prospektindəki fərdi evlərdə və obyektlərdə hazırda da elektrik enerjisi “qəhətə çıxıb”.

Meydan TV müxbiri Astara Enerji Təchizatı İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildirilib ki, küləkli hava şəraitinə görə elektrik verilişində fasilələr yaransa da, abonentlərdən şikayət daxil olmayıb.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər abonentlərin əmlaklarına zərər qıqaqapanma nəticəsində dəyibsə, o zaman, onlar “Azərenerji” ASC-yə toplanmış sənədləri, faktları təsdiqləyən video, foto görüntüləri əlavə etməklə dəymiş ziyanın əvəzinin ödənilməsi üçün rəsmi ərizəylə müraciət etməlidilər. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müəssisə müraciətə cavab verməzsə, abonentlər təqsirkar hesab etdikləri ASC-yə qarşı “əmlakına dəymiş zərərin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmalıdılar.

x

YAZARIN DİGƏR YAZILARI