Qarabağ döyüşçüsü: Mən canımdan ona görə keçmirdim ki…

''Yorulmuşam ora-bura məktub göndərməkdən''

“Bu gün döyüşçüyə dəyər verilmir. Halbuki biz bu vətən uğurunda nə günlər yaşamışıq, nələr görmüşük. Kəlbəcərin, Laçının müdafiəsində nə dostlar itirmişik, onların meyitlərini ciynimizdə daşımışıq”.

Odun-alovun içindən çıxmışıq

Kəlbəcər rayonundan olan məcburi köçkün Ələkbər Bayramov belə deyir. O, yaşama təyinatı olmayan, Beyləqan rayonundakı 7 evlər deyilən ərazidə Su-Melorasiya İdarəsinin inzibati binasında ailəsi ilə yaşayır. İkinci qrup əlildir. Qarabağ Müharibəsində illərlə döyüşüb.

O günləri xatırlayanda indi də kövrəlir. Ən yaxın dostunu da elə gözləri önündə itirib:

Ələkbər Bayramov
Ələkbər Bayramov

“Xəlil can dostum, ən yaxınım idi. Qarabağda birgə vuruşurduq. Cəbhədə siqaret tapmaq çətin olurdu. Onunla zarafatımız vardı. Bir-birimizin siqaretini oğurlayırdıq. Sonuncu birgə əməliyyatımız Kəlbəcərdə oldu. Yanaşı döyüşürdük. Bizi mühasirəyə aldılar. Dedi, Ələkbər, qoy mən durum önündə, sənə güllə dəyməsin. Razılaşmadım. Kürək-kürəyə döyüşdük. Birdən ah səsi eşitdim. Baxmaq üçün çevriləndə Xəlil qucağıma yıxıldı. Tez çəkdim daşın dalına, kürəyini söykədim. Dedi, Ələkbər, həmişə siqaretini qaçırmışam, bu dəfə birini özün yandır ver. Həmin siqareti çəkib bitirəndən sonra canını tapşırdı. Dostumun meyitini sürünə-sürünə çıxardım ordan. Biz o günləri görmüş adamlarıq. Odun-alovun içindən çıxmışıq”.

Kəlbəcər camaatı məni yaxşı tanıyır

Ələkbər Bayramov deyir ki, Ağdamda döyüşəndə də yoldaşlarının meyitini belində daşıyıb. İndi də bu yaşadıqları yadına düşəndə özünü saxlaya bilmir:

“O vaxt çox pis vertolyot qəzası oldu Kəbəcərdə. Mən bu əllərimlə uşaqların meyitlərinin tikələrini toplamışam. Həmin qəzada mənim bir kəndlimin iki oğlu birdən öldü. Yadımdadı, həmin vaxt hamama döşətdirmək üçün özümə mərmər gətirmişdim Bakıdan. Kəlbəcərdə qəzada həlak olanlara abidə tikirdilər. Mən o mərmərləri şəhidlərin abidəsinə vurmaq üçün bağışladım”.

İdarədir, uçub-dağılır, damır, rütubətdir

Döyüşçünün xanımı Gülbəniz Bayramova yaşayışlarından, şəraitlərindən gileylənir. Deyir, rütubətli, suyu, qazı, hətta pəncərəsi olmayan bir evdə iki uşaq böyüdür, çətindir:

Gülbəniz Bayramova
Gülbəniz Bayramova

“Böyük oğlum birinci sinfə, digəri məktəbəqədər hazırlığa getməlidir. Ancaq yaxınımızda məktəb yoxdur. Şərait də özünüz görürsünüz, idarədir, uçub-dağılır, damır, rütubətdir. Uşaqlar buna görə tez-tez xəstələnirlər. Həkimə aparmaq da dərddir. Yaxında deyil xəstəxana. Məcburuq rayona aparaq. Gedib-gəlməyə hər dəfə 10 manatımız çıxır. Belə başa düşürəm ki, məktəbə aparanda da eyni vəziyyət olacaq”.

Uşağın dəftərini, kitabını da ala bilmirik

Ələkbər Bayramov vəziyyəti ilə bağlı məktub yazmaqdan da yorulub. Deyir, indicə gəlir poçtdan. Son ümid yeri kimi kəlbəcərli, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri Cavid Qurbanova məktub göndərib. Ailə vəziyyətinin, yaşayışının ağırlığından yazıb. Bəlkə oxuya, bir kömək edər deyə:

“Yorulmuşam ora-bura məktub göndərməkdən. 5 ildən çoxdur yazmadığım yer qalmayıb. Məmurlar ölkəni çürüdə- çürüdə gediblər. Prezident yaxşıdır, amma məmurlar yox. Mən necə çətinliklərdən çıxmışam. İndi qalmışam aralarda, qapılarda. Bu, nə yaşayışdır, şəraitdir görürsünüz. Ən çətini də belə bir şəraitdə bu uşaqlara təhsil verə bilməməkdir. Yaxşı oxuyur, ancaq dəftərini, kitabını ala bilmirik çox vaxt”.

Baxmayıblar, hansı şəraitdə yaşadığımızı bilmirlər

Ələkbər Bayramov uşağına kitab ala bilmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti başçısının da qəbulunda olub. Deyir, qəbuldan sonra təhsil şöbəsinin müdiri uşağın kitablarını verib:

“Rütubət bir yandan, zəlzələdən sonra çatlayan ev bir tərəfdən. Getdim “Qaçqınkom”a dedim. Dedi, Fövqəladə Hallar Nazirliyinə de, bizlik deyil. Bir dəfə gəlib baxmayıblar, hansı şəraitdə yaşadığımızı bilmirlər. Yağış yağır, su axır içəri. 160 manat çörək pulu, 60 manat təqaüd alıram. Kəlbəcərdən gələn stajımı qəbul etmədikləri üçün təqaüd belə azdır. Bu evə ayda 220 manat pul girir. İndi 4 nəfəri dolandır, görüm necə dolandırırsan o pula”.

Mən azad, daha gözəl bir ölkədə yaşamaq üçün canımdan keçirdim

Ələkbər Bayramov deyir ki, bəli, o, Qarabağ Müharibəsində könüllü iştirak edib. Ancaq ona görə yox ki, bu gün dövlətin inkişaf etdiyi vaxt onun övladları təhsilsiz qalsın:

“Mən azad, daha gözəl bir ölkədə yaşamaq üçün canımdan keçirdim. Bu şeyləri gördükcə, yazdığım məktublara cavab almadıqca, qırılıram, üzülürəm”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Meydan TV-yə bildiriblər ki, məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası prezidentinin fərman, sərəncamları və bu sahə ilə bağlı təsdiq olunmuş Dövlət Proqramı əsasında, mərhələli şəkildə həyata keçirilir. Hər bir evsiz köçkünün evlə təmin olunmasına qanunla nəzərdə tutulmuş qaydada, növbə ilə baxılır:

“Gələcəkdə onlara yaxın ərazilərdə ev tikilərsə, mütləq nəzərə alınacaq”.

 

 

 

x

YAZARIN DİGƏR YAZILARI