Şəhid ailəsi: "Yoldaş prezident, çıx camaatın qarşısına"

Prezident Administrasiyasında qəbula girmək istəyən şəhid anasının polislə mübahisəsi düşdü, qolu qanadı, ona düşəcək 11 min manatlıq müavinəti tələb edən şəhid övladı həbs edildi, onun azad olunmasını tələb edən şəhid anası polislə mübahisədə təcili yardıma düşdü. 11 dekabrda şəhid ailələrinin Prezident Administrasiyasının qarşısındakı toplantıları bu hadisələrlə yadda qaldı.

Hər həftənin çərşənbə axşamı adəti üzrə qəbula gələn şəhid ailələrini bu dəfə Administrasiyanın Ceyhun adlı əməkdaşı qəbul edib. O, şikayətçilərin məhkəməyə müraciət etmələrini tövsiyyə edib.

Qəbula gələn Toğrul Qocayevə içəri keçməyə icazə verilməyib. O, Prezident Administrasiyasının qarşısına gedərək oradan qəbul şöbəsinə keçməyə çalışıb. Şahidin sözlərinə görə yolda onu mülki geyimli şəxslər saxlayaraq maşına aparıblar.

Saxlanılmanın səbəbini öyrənmək istəyən şəhid ailələrinə polis Administrasiyanın qapılarını açmayıb. Bundan sonra onlar Prezident Administrasiyasının önündə yığışmağa cəhd ediblər.

Administrasiyadan Toğrul Qocayevin Səbail rayon 9-cu polis bölməsinə aparıldığı deyilsə də, orada bunu təkzib ediblər.
Bir neçə saatdan sonra Toğrul Qocayev anası ilə əlaqə saxlayaraq onu 30 sutka həbs etdiklərini deyib. Səbəb kimi ictimai asayişi pozmasını göstəriblər.

Günün sonuna doğru şəhid ailələrinin şüarı dəyişmişdi, onlar artıq “Şəhidlərin haqqı yeyilməz” yox, “Şəhid övladına azadlıq” qışqırırdılar.

x

YAZARIN DİGƏR YAZILARI