''Palçığın əlindən uşaqları məktəbə belimdə aparıb-gətirirəm''

Qulabəndlilər yolsuzluqdan gileylidir

Bu kəndin ensiz, palçıqlı yolları içi kiçik gölməçələrlə doludur. Sakinləri deyirlər ki, Sovet hakimiyyətindən sonra kəndin yolu təzələnməyib. Budur, son iki ildə pambıq tarlalarına gedən böyük traktor, kombaynlar keçəndən sonra yol daha da pis vəziyyətə düşüb.

Bura Ucarın Qulabənd kəndidir. Sakinlərin sözlərinə görə, yol problemi ilə bağlı icra hakimiyyəti və bələdiyyəyə dəfələrlə müraciət ediblər:

"Heç kəndin üzünə baxan olmayıb. İllərlə yalvarandan sonra qazı verdilər. Zəifdir, ancaq var. Barı yolu da çəkələr", - 64 yaşlı kənd sakini Şükufə Zülfüqarova belə deyir.

Şükufə Zülfüqarova

Qulabəndin adını eşidən taksi az qalır dəli ola

O, Qulabənddə dünyaya göz açıb. Buradan başqa heç yerdə yaşamayıb. Deyir, köçmək fikri də yoxdur. Ona yaşamaq üçün şəraitin elə bu kənddə yaradılmasını istəyir:

"Cavanlar problem əlindən, şəraitsizlikdən çıxıb gedir Bakıya, Moskvaya. Biz doğulduğumuz yeri qoyub heç yerə gedən deyilik. Amma bu zülmlə də yaşamaq olmur. Əzəl gündən kəndin yollarının vəziyyəti belə olub. Elə sovet dövründə çəkiləndir. O vaxtdan bəri bir maşın daş tökməyiblər. İnanın, maşın tutub kəndə gəlməyə utanırıq. Qulabəndin adını eşidən taksi az qalır dəli ola. Heç kim bura maşın sürmək istəmir. Deyirlər, o xarabaya gediriksə, azı bir 20 manat verməlisən. Biz nə qədər 3 manatlıq yola 10, 5 manatlıq yola 20 manat verməliyik?"

Hər yerə yol çəkildi, bizim kənddən başqa

Aydın Həsənov da bu kənddə yaşayır. Deyir, bir ara kəndin ağsaqqalları toplaşıb bütün aidiyyatı qurumlara məktublar göndəriblər. Məktublarına cavab verilməsinə gəlincə, hər şeyin göz önündə olduğunu söylədi:

"Baxın, cavab budur. Yenə həmən-həməndir. Mənim nəyimə lazım götürüb bəzəkli-düzəkli cümlələrlə nəsə yazıb göndərmələri? İş görsünlər, iş. Balaca kənd, kiçik qəsəbə deyil, rayonun ən böyük kəndlərindəndir. Əhalisi də çoxdur. Belə bir yerə fikir verməmək olmaz axı. Hər yerə yol çəkildi, yeganə bizim kənddir ki, bu vəziyyətdə qalıb".

Bu yolu insan kimi gedə bilmirik

Sakinlər deyirlər ki, yayda yenə yaxşıdır, qışda yolsuzluq daha böyük problemə çevrilir. Uşaqların məktəbə getməsində problem yaranır:

"Vallah, hər dərsə gedib-gələndə bir dəst paltardan çıxırlar. Bir balaca yağış yağan kimi yolun içindəki dəlmə-deşiklər su ilə dolur, gölməçələr əmələ gəlir. İnsan kimi gedə bilmirik bu yolu. Evimiz kəndin ayağındadı. İndi qızımın evinə gəlmişəm. 2-3 kilometrlik yoldur, bunu çəkmək nə qədər çətindir ki, etmirlər? Bizi bu zülmə vadar ediblər. Allah hökumətimizə insaf versin, bizi də bir insan yerinə qoyan olsun. Qazımız çəkilib, şükür, bircə yolumuz da çəkilsəydi, yaxşı olardı" - deyir, Şükufə Zülfüqarova.

Kifayət Səlimova

Toy edə bilmirik, palçığın içində qırılıb batırıq

Məktəbin müəllimləri də narazıdır bu vəziyyətdən. Deyirlər, çətindir, gedib-gələ bilmirlər. Ayaqqabıları, paltarları palçığa batır. Məktəbdə heç istilik sistemi də yoxdur. Valideynlər növbəli şəkildə tezdən gəlib odun peçi yandırırlar ki, uşaqlarına soyuq olmasın. Yoxsa, sinif otaqlarının buz kimi olduğunu deyirlər.

"Uşaqlar məktəbə gedə bilmir. Bir yerə çıxa bilmirik, palçığın əlindən. Belə də yol olar? Hər yerə müraciət etmişik. Hər dəfə başçı gələndə kənd camaatı yolsuzluqdan şikayətlənir. Su çəkdilər, qaldı yol. Zəif olsa da, qazımız var", - 62 yaşlı Kifayət Səlimova belə deyir.

O, 38 ildir Qulabənddə yaşayır. Deyir, bura gəlin gəlib. Əvvəllər yaxşı idi, get-gedə daha bərbad vəziyyətə düşdü: "Hələ təmir edən olmayıb. Toy edə bilmirik, peşmandı birinin hüzürü düşə, palçığın içində qırılıb batırıq”.

 

Uşaqları məktəbə belimdə aparıram

28 yaşlı 

Gülşən Məmmədova
hər gün 3 uşağını kəndin o başından bu başına məktəbə gətirir:

"Kənd qəbristanlığının düz yanında yaşayırıq. İnanın, ən çox istifadə edilən yoldur. Bərbaddır, keçə bilmirik. Məktəbdə 3 uşağım oxuyur. Hər gün onları belimdə gətirib-aparıram. Mümkünü yoxdur, yoxsa üst-başları bərbad hala düşür. Ya da iki ayaqqabı götürürük. Məktəbdə təmizini geyinirlər, yolda başqasını. Təsəvvür edin, gündə bu yolu 3 dəfə gedib-gəlirəm. Uşaqların hərəsinin dərsi bir vaxt başlayır. Hamısını mən gətirirəm, özləri gələ bilməz".

Yaxın illərdə o kəndin də yol problemi qalmayacaq

Meydan TV problemin nə zaman həll ediləcəyini öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, hər il bir neçə kəndin yolları ilə bağlı təklif göndərirlər. Bu il də 3 kəndin yolunun təmiri ilə bağlı təklif göndərilib:

"Növbə ilə bütün kəndarası yollar təmir ediləcək. Hamısını bir il içində təmir etdirmək mümkün deyil. Odur ki, sıra ilə təklif göndəririk. Qulabəndin yolundan çox pis vəziyyətdə olan kəndlər var idi. Onlar irəli çəkildi. Yaxın illərdə o kəndin də yol problemi qalmayacaq".

 

x

YAZARIN DİGƏR YAZILARI