''Burda ömürlər qısalıb, uşaqlar xəstə doğulur''

Mingəçevirdəki Beton Məmulatları Zavodunun ərazisinə sığınan köçkünlərin problemləri var

“25 ildir burda zülm çəkirik. İtirib-axratanımız yoxdur. Burda ömürlər qısalıb, uşaqlar xəstə doğulur, insanlar yaşa dolur, qocalıq, evsizlikdən, şəraitsizlikdən çoxu ailə qura bilmir. İşsizlik də axırımıza çıxır. Hansı deyək?”

Mingəçervirdəki 1 saylı Dəmir Beton Məmulatları Zavodunun ərazisində məskunlaşan Kəlbəcər köçkünləri yaşayışlarından gileylənirlər. Zavodun ərazisində təxminən 40 ailə yaşayır. Köçkün Səidə Mehrəliyeva deyir, gecəqondulara sığınan ailələrin sosial durumları və məişət qayğıları göz açmağa imkan vermir:

Hara baxırsan, qayğı, narazılıq...

“Hara baxırsan, qayğı, narazılıq... Problemlərin içində doğuluruq, yaşa doluruq, ölüb gedirik, nə torpaqdan xəbər var, nə dövlət sahib çıxır. Nə əvvəlimiz oldu, nə axırımız bəllidir. Bura gəlib düşəndə gənc gəlin idim, yaşa doldum, övladlarım da gedib Bakıda təhsil alıb gəldilər. İşsizdilər. Bura elə yerdir ki, kənd təsərrüfatıyla da məşğul olmaq olmur. Gənclər başlarını necə qatsınlar, bilmirlər”.

Köçkün deyir, yay fəslini birtəhər yola vermək olur, qış yaxınlaşanda isə burada sanki həyatla mücadilə başlayır:

“Yayda susuzluq əziyyəti çəkirik. Yenə heç olmasa suyu maşınla almaq olur. Əsas odur ki, palçıq olmur, istiliyə ehtiyac olmur. Birtəhər ötürürük. Qışımız zülmdür. Hava soyuyub, qaz yox, işıq tez-tez sönür, şəraitsizlik... Hər gün kabellərdə qısaqapanma olur, bu da təhlükəlidir. Elə evlər var ki, üstü kartonla, çadır materialıyla örtülüb. İçərisindəki adamlar donmamaq üçün gödəkçələri üst-üstə geyinib, üstündən də bir yorğana bürünüb otururlar. Hansı uşağı yoxlatdırsanız, ciyəri, böyrəyi sağlam deyil. Elə böyüklər də o vəziyyətdədir. Adamlar qocalmamış canını tapşırır”.

Burda ilanlar, kərtənkələlər sürünür


Zavod uzun illərdir istifadəsiz qalıb, içərisində hər cür həşərat var. Gərək böyüklərin gözü uşaqların üzərində olsun ki, onlar qurd-quşa yem olmasınlar. Asya Həsənova deyir, siçovullar evlərdə əl-ayaq altında qalır:

“Burda uçanından tutmuş qaçanına, sürünəninə kimi hər cür həşərata, zərərvericiyə, gəmiriciyə tuş gəlmək olar. Əsasən yay olanda zavodun dərinliyində ilanlar, kərtənkələlər sürünür. Zavodun ətrafı palçıqdır, keçilməzdir. Müraciət etmədiyimiz qurum qalmayıb. Kiçik bir ərazini asfaltlamaq nədir ki, onu da illərdir etmirlər. Burda adamlar bir-birinin qabırğasında yatır. Şəxsən mən ağlım kəsəndən paltarlı yatıb-dururam. Bir otaqda bacılarımla, gəlinlərlə yatıb dururuq. Qadınlar yatanda kişilər növbə gözləyir, kişilər yatanda qadınlar... Deyiləsi deyil...”

Köçkünlər özləri çöldə hamam, tualet düzəldiblər. Ancaq bu sanitar qovşaqları 40 ailənin tələbatını ödəmir. Antisanitariya, gigiyenik pozğunluq baş alıb gedir.

Köçkünlər dövlət qayğısının artırılmasını, ən əsası isə mənzillə təmin olunmalarını istəyirlər. Onlar bu istəklərini dəfələrlə Bakıya gələrək, “Qaçqınkom” binasının önündə də səsləndiriblər.

Köçkünlər növbəli qaydada köçürülür



Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, müvafiq dövlət proqramına uyğun olaraq, 3 il əvvəl Xaldan şossesi üzərində qaçqın və məcburi köçkün ailələri üçün şəhərcik salınıb. Doqquzmərtəbəli, 11 binaya əsasən inzibati binalarda məskunlaşan 502 ailə köçürülüb. Ərazidə tikilmiş 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi də köçkünlərin istifadəsindədir. İnzibati binalarda və yataqxanalarda məskunlaşmış digər köçkünlərin də mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri növbəli qaydada davam etdirilir. Beton Zavodunun ərazisində məskunlaşan köçkün ailələri də siyahıdadır. Növbəti yaşayış yerləri inşa olunduqca, onlar da köçürüləcək.
Ancaq yeni binaların nə zaman inşa olunacağı hələlik bəlli deyil.

x

YAZARIN DİGƏR YAZILARI