''İndi kəndlilər oturub bir-birinin üzünə baxacaq''

Ryan Smith
Ryan Smith

Marneulilər Rayan Smithin ölümünü özləri üçün böyük itki hesab edirlər 

Kosalar kəndi Tbilisinin təxminən 60 km cənub şərqində yerləşir. Kənddə yaşayan 200 ailədən 15-i Rayan Smithlə işləyərək, onun layihəsi üçün xalçalar toxuyub.

Rayan Smith, həyat yoldaşı Laura və 4 yaşlı oğlu Kayleb keçən həftə Gürcüstanın şimalında istirahət zamanı qətlə yetirilib. Rayan Smith kəndlərdə toxuculuq mədəniyyətini canlandırmağa yönələn “ReWoven” adlı layihənin yaradıcısıdır.

Tərlan Qocayeva kənddə tək yaşayır. O, Rayan Smithlə 6 il işləyib.
Tərlan Qocayeva kənddə tək yaşayır. O, Rayan Smithlə 6 il işləyib.

71 yaşlı Tərlan Qocayeva Kosalar kəndində tək yaşayır:

“Düz 6 ildir ki, Rayanla işləyirdim. Sapları alıb gətirirdi, mən də toxumağa başlayırdım. Onun ölüm xəbərini eşitdikdən sonra mən də ölmək istəyirəm”.
“Xalçaları Sovet dövründə Marneuli bazarında satırdıq. Sonra toxumağı da buraxdıq, satmağı da. Rayanın gəlişindən sonra biz yenidən başladıq”.
İndi Qocayeva Smithin ona tapşırdığı 2 balaca xalçanın sahibləri ilə necə əlaqə saxlayacağını bilmir: “Əgər xalçaları heç kim almasa, özümdə saxlayacağam. Onun işini kimsə davam etdirsə, toxumağa davam edəcəyik. Etməzsə, yox. Biz nə edə bilərik?”

Sevda Məmişova 20 ildən sonra toxumağa başlayıb.
Sevda Məmişova 20 ildən sonra toxumağa başlayıb.

Kənd sakini 50 yaşlı Sevda Məmişova Rayanın kəndə gəlişinə qədər - 20 ildən çox müddət toxuculuq sənətindən imtina edib. İndi Məmişova Rayansız işi necə davam etdirəcəyini bilmədiyi deyir: 

“Bu yarımçıq xalça kimsə tərəfindən sifariş verilib. Ancaq indi xalçanın bitməsi üçün sap alınmalıdır. Bazar günü, o, yeni saplar gətirməli idi, ancaq onu öldürdülər”.

Zemfira Qacarova deyir ki, indi kəndlilər oturub bir-birimizin üzünə baxacaqlar.
Zemfira Qacarova deyir ki, indi kəndlilər oturub bir-birimizin üzünə baxacaqlar.

“Rayan sapları İrandan gətirirdi. Biz özümüz bunu edə bilmərik, çox bahadır. Bu işin davam etməsini istəyirəm, amma ailəsi və dostları qərar verməlidir”.
58 yaşlı Zemfira Qacarova xalçaçılıq sənətinin kəndin yeganə gəlir mənbəyi olduğunu deyir.

“Marneuli bazarında xalçaları satmaq qeyri-mümkündür. Orada fabrik xalçaları doludur. Kim alacaq bizim xalçaları? Heç kim”.

Qacarovanın sözlərinə görə, kəndin kişiləri ancaq əkinlə məşğuldur. Bu işi görmək də ancaq yay fəslində mümkün olur. Kənddə kifayət qədər su olmadığı üçün meyvə və tərəvəz də əkmək qeyri-mümkündür:

“İndi kəndlilər oturub bir-birinin üzünə baxacaq”.

Smith 2002-05-ci illərdə Azərbaycanda yaşayaraq xalçaçılıq sənəti barədə öyrənib. Daha sonra bu işi Marneulidə görmək qərarına gələrək bura köçüb.

19 yaşlı çoban Malxaz Kobauri ailənin öldürülməsində günahkar bilinərək həbs olunub. Amma sonuncu keçirilən məhkəmədə Kobauri hadisəni onun deyil, 2 xarici tərəfindən törədildiyini bildirib.

Rayan Smith (sağdan ikinci) işçisi və kəndə gətirdiyi turistlərlə birlikdə
Rayan Smith (sağdan ikinci) işçisi və kəndə gətirdiyi turistlərlə birlikdə

“Bu xəbəri eşidəndə şoka düşdük. Onlar hər şeydə çobanı günahlandırırlar. Ancaq çobanı onları öldürmədiyini düşünürük”- Qacarova belə deyir.

Smith ailəsinin yaxın dostu Səbinə Talıbova deyir ki, ailənin öldürülməsi ilə bağlı onlara dəqiq məlumat verilmir:

“Bu, Marneuli üçün böyük itkidir”.