Çadırı Bakıda, meyiti Suriyada qalan çempion

Bir gündə Bayramovlar ailəsi oğlunun və kürəkəninin yasın edir. Suriyada öldürüln əksər azərbaycanlılar kimi onların da cəsədin ölkəyə gətirmək mümkün olmayıb.

Süleyman Bayramov Suriyada öldürülən oğlu və kürəkəninin cənazəsini ölkəyə gətirə bilmir. Hər iki azərbaycanlı eyni gündə - 22 martda Bəşər Əsədə qarşı  döyüşlərdə öldürülüblər.Onların meyitinin harada olduğu bilinmir. “Döyüş olub uşaqlar gediblər. Hücuma keçib, irəliləyiblər, Əsədin tərəfdarları arxadan gəlib mühasirəyə alıb vurublar. Oğlumun və kürəkənimin meyiti heç döyüş bölgəsindən çıxarılmayıb. Meyitlər işğal olunan ərazidə qalıblar”-S.Bayramov deyib.

22 yaşlı Ceyhun Bayramov 2009-cu ildə yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olub. O, İdman Akademiyasının üçüncü kursundan çıxaraq  Suriyaya gedib. Süleyman Bayramov oğlunu kimin Suriyaya apardığını bilmir.Valideyn deyir ki, oğlunun Suriyaya getməsini əngəlləyə bilməyib. “Ceyhun 5-6 –cı siniflərdə oxuyanda möhürlü namaz qılırdı. 2012-ci ilin əvvəllərində sünni namazı qılmağa başladı. Beş-altı aydan sonra mən duyuq düşdüm. Mən duyuq düşəndən sonra bununla mübarizəyə başladım, amma bacara bilmədim”.

Valideyn oğlunun evdə yox, həmişə məsciddə namaz qıldığını deyir. “Məscidlərə gedəndə deyirdim ki, namaz qılırsansa evdə qıl. O dedi ki, yox, Allah buyurub ki, bir yerdə olun, birlikdə  namaz qılanda Allaha da xoş gedir”.

Ceyhun Bayramov Suriyada azərbaycanlı qızla evlənib.Süleyman Bayramovun gəlini, qızı və nəvələri Suriyadadır. Bayramovun qızı Suriyadan qayıtmaq istəmədiyini deyib.

Ata oğlunun cənazəsini ölkəyə gətirmək istəyir. Amma hökumətin işə qarışmayacağı halda bunun baş tutmayacağını deyir. “Çox istəyirəm ki, oğlumun meyitin gətirim. Amma eşitmişəm ki, mümkün deyil. İndiyədək Suriyadan meyit çıxaran olmayıb ki, mən də gətirə biləm. Mümkün olsa günü bu gün gedib gətirərəm”.