İpoteka və Kredit Zəmanət Fondunun yeni tələbləri qüvvəyə minib

Əkrəm Həsənov

Əkrəm Həsənov: “Fondun fəaliyyəti dövlət başçısının yürütdüyü siyasətə ziddir”

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun ilkin ödənişlə bağlı müvəkkil banklar qarşısında qoyduğu yeni tələb fevralın 11-dən qüvvəyə minib.

Tələbə görə, bundan sonra banklar ipoteka krediti verəndə müştəridən 30 faiz ilkin ödəniş tələb edəcək.

Ekspertlər düşünür ki, bu, mənzil sahibi olmaq istəyən insanlar üçün ağır şərtdir. Həm də ipoteka kreditinin əlçatanlığını çətinləşdirir.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, yeni tələb həm sui-istifadə və korrupsiya üçün geniş şərait yaradacaq, həm də ipoteka kreditinə sadə vətəndaşların əlçatanlığını azaldacaq:

“Kreditlə ev almaq istəyənlər üçün şərtlər ağırlaşdırılır. Hətta əlçatmaz olur. Bu baxımdan deyərdim ki, Fondun fəaliyyəti dövlət başçısının yürütdüyü siyasətə ziddir və bu, təəccüblü deyil”, Ə.Həsənov deyib.

Onun fikrincə, ümumiyyətlə, şəffaflıq üçün fondun saytında bugünədək kreditlə mənzil alanlarla bağlı da məlumat yerləşdirilməlidir:

“Kredit kimə, nə qədər və hansı evin alınması üçün verilib. Borcalanın aylıq gəliri nə qədərdir və s. Bu halda hər kəs müqayisə apara bilər ki, niyə krediti ona yox, digərinə veriblər”.

Əkrəm Həsənov deyib ki, belə olan halda həm də ictimaiyyət, mətbuat yoxlaya bilər ki, görək bir nəfərə, bir ailəyə bir neçə kredit verilib, ya yox. Onun sözlərinə görə, evi satanın evi tərk etməsi, alanın isə daxil olması da ictimaiyyət tərəfindən monitorinq oluna bilər ki, saxta kreditlər verilməsin, kreditlər təyinatı üzrə istifadə olunsun:

“İllərdir, bunu deyirəm. Amma Fond şəffaf olmaq istəmir. Niyə? Nəticəni hər kəs özü üçün asanlıqla çıxara bilər”.

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun ilkin ödəniş tələbi alınan əmlakın qiymətinin 15-20 faizini təşkil edirdi. Yeni tələblə bu rəqəm iki dəfəyə yaxın artırılır.