Oqtay Gülalıyev: Həbsxanada aclıq edən məhbuslara təzyiqlə bağlı məlumatlar var

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Vəkili Azad Həsənovun aclığı dayandırdığını bildirir

Azərbaycan həbsxanalarında bloger Mehman Hüseynovla yanaşı siyasi məhbus kimi tanınan daha 9 nəfərin aclıq etdiyi bildirilir.

Bu barədə “Turan”-a Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həbsxanalarda aclıq edən məhbuslara təzyiqlərlə bağlı məlumatlar var: “Bununla belə, digər siyasi məhbuslar da aksiyaya qoşulmaq niyyətindədir”.

Bloger M.Hüseynovdan başqa həbsxanada aclıq edənlər İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı, Əhsən Nuruzadə, Qiyas İbrahimov, Rəşad Ramazanov, Fikrət Fərəməzoğlu və Azad Həsənovdur.

Ancaq Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, cəzaçəkmə müəssisələrində heç kim aclıq etmir.

Eyni zamanda Azad Həsənovun vəkili Osman Kazımov yanvarın 13-də onunla görüşdüyü haqda məlumat yayıb.

Vəkil Azad Həsənovun aclıq aksiyasını dayandırdığını bildirib:

“Dünən Bakı İstintaq Təcridxanasında müəssisənin rəisi Elnur İsmayılovla ikilikdə, sonra isə Azad Həsənovun iştirakı ilə görüşdük. Azad Həsənovun aclıq aksiyası barədə müzakirə apardıq. Azad bəy müzakirənin yekunu kimi aclıq aksiyasını dayandırdı. Azad Həsənovla bağlı aparılan istintaq da yekunlaşdırıldı. İnanmaq istəyirəm ki, yaxın zamanlarda Mehman Hüseyinovla da bağlı xoş xəbər eşitmək qismətimiz olacaq”.

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.

Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, Müsavat Partiyasının üzvüdür.

13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən dörd məhbus bloger Mehman Hüseynova dəstək üçün və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq elan edib.

İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və jurnalist Elçin İsmayıllı birgə müraciəti yayıblar. 

Bloger Mehman Hüseynovun həbsinin bitməsinə az qalmış barəsində yeni cinayət işi açılıb. 

O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Bloger bu ittihamı qəbul etmir və saxta adlandırır. O, buna görə aclıq aksiyasına başlayıb. Sonradan bu aksiya digər məhbus və ictimai fəallar tərəfindən dəstəklənib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Yerli və xarici təşkilatlar Azərbaycanda 160-a yaxın siyasi məhbus olduğunu qeyd etsə də, hökumət ölkədə siyasi məhbus olmadığını bəyan edir.