Deputat oğlunun işinə görə prokuror 10 il həbs tələb etdi

Elmira Axundova və oğlu Həbib Axundov

Məhkəmədə zərərçəkənlər Elnur İbrahimovdan çox Həbib Axundovu ittiham edirlər

Deputat Elmira Axundovanın özü və oğlu Həbib Axundovun adı keçən qalmaqalla bağlı məhkəmə prosesi başa çatmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Elnur İbrahimova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Deputat və oğlu ilə ailəvi dost olan E.İbrahimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. O, katric biznesi adıyla zərərçəkmişlər Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini katric biznesi adı ilə aldadaraq, ümumilikdə, onların təxminən 1 milyon manat pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Deputat oğlu H.Axundov da dostuna qarşı zərərçəkən qismində tanınıb. İttihamda E.İbrahimovun 100 min manat pulunu ələ keçirdiyi yazılıb. Lakin məhkəmədə H.Axundov dostundan şikayətçi olmadığını bildirib.

Məhkəmədə digər zərərçəkmişlər isə E.İbrahimovdan çox deputatın oğlunu ittiham ediblər. Bildiriblər ki, onlardan pulu H.Axundov alıb, pullarını da ondan tələb edirlər. Əks halda, o da E.İbrahimovla birlikdə müttəhimlər kürsüsündə əyləşməlidir.

Zərərçəkmişlərdən Fərman Məmmədova dəymiş ziyanın bir hissəsini E.Axundova və oğlu ödəyib. Deputat özü də bunu təsdiqləyib.

“Əgər onların bu işdə əli yoxdursa, niyə ödəyirdilər? Nə maraqları vardı? Səs yazıları da sübut edir ki, bütün bu işlərin başında Həbib Axundov dayanır”, - zərərçəkmiş F.Məmmədov bildirib.

Deputat və oğlu E.İbrahimovla dost olduqlarını təkzib etmir. Sosial şəbəkələrdə E.Axundovun həm H.Axundovla, həm də anasıyla toy görüntüləri yayılıb.

Məhkəmə yanvarın 17-də davam edəcək.