İsrailin ilk və tək qadın Baş naziri Qolda Meir

İkinci hissə

Qolda icmada yaşayıb işləməkdən böyük zövq aldığı günlərin birində Morris xəstələnir. Sərt iqlim, öyrəşmədiyi qida, ağır çöl işləri, malyariya – bunlar onun səhhətini korlayır və həkim Qoldaya xəbərdarlıq edir ki, Morris tezliklə icmanı tərk etməsə, xəstəliyi xroniki hal alcaq. Ona görə də Merxaviyaya gəlmələrindən 2 il yarım sonra Qolda və ailəsi oranı tərk etməli olurlar.

Yerusəlimdə onların iki övladı dünyaya gəlir – Menaxem və Sara. Morris işləyir, Qolda uşaqlarla və ev iləriylə məşğul olur. Ailə maddi sıxıntı içində yaşayır, amma onu pulsuzluqdan daha çox evə qapanıb qalması incidir, ictimai fəaliyyətdən kənarda qaldığına görə özünü bədbəxt hiss edir. Fələstinə milli yəhudi ocağının qurulmasına yardım etmək üçün gəlib bu prosesdə iştirak edə bilməməsi Qoldaya əzab verir.

Bir müddət sonra onu Histadrutun (Fələstin yəhudilərinin özünüidarəetmə sistemi olan həmkar ittifaqı) Qadınlar Şurasında işə dəvət edirlər. Amma Morris Yerusəlimi tərk etmək istəmir, Qolda Tel-Əvivə ancaq uşaqlarıyla getməli olur (1928). Axıra qədər rəsmən boşanmayıb dost qala bilsələr də, bundan sonra onlar heç vaxt bilikdə yaşamırlar. Morris uşaqlarıyla tez-tez görüşür, amma onları Qolda böyüdür.

****
Onun üçün çox ağır bir dövr başlayır – bir tərəfdən məişət problemləri, o biri tərəfdən gərgin və təhlükəli iş. Amma Qolda bundan şikayətlənmir, “başını aşağı salıb” həm övladları, həm də milləti üçün fədakarlıqlar edir.

“Mən heç vaxt kişiləri qadınlardan üstün saymamışam. Uşaq doğub böyütməyi də qadınlar üçün bədbəxtlik hesab etməmişəm. Amma bu da faktdır ki, ev işləriylə yanaşı, ictimai fəaliyyətlə də məşğul olmaq istəyən qadınların əziyyəti kişilərinkindən çoxdur, çünki onların çiyninə ikiqat yük düşür. Uşaqların atasından gündəlik dəstək görməyən qadınların vəziyyəti isə hər hansı kişiylə müqayisədə üçqat ağırdır” – bunu Qolda çox-çox sonralar deyəcəkdi.

O, təsəvvür edilməsi belə çətin olan rejimdə yaşayır - evdən işə, işdən evə tələsir, oğlunu musiqi dərslərinə, qızını həkimə aparır, dükan-bazara qaçır, gecənin bir vaxtı sabahkı gün üçün yemək bişirir, paltar yuyur, paltarların cırıq-söküyünü tikir, iclaslar, mitinqlər təşkil edir, xarici ölkələrə gedib soydaşlarıyla görüşür, onları Fələstindəki işlərə maliyyə yardımı göstərməyə inandırır, uşaqlarını kinoya, konsertlərə aparmağa da vaxt tapır - birlikdə əylənib gülürlər, bolluca söhbətlər edirlər, amma həmişə onlara yetərincə zaman ayırmadığını düşünüb vicdan əzabı çəkir. Bu, onun heç bitməyən çiləsi olacaq, özünü onların yanında günahkar hiss edəcəkdi. Çünki nəticə etibarilə “sağlam, əməksevər, istedadlı və mərhəmətli” vətəndaşlar kimi yetişən Sara və Menaxem uşaq vaxtı analarının işə getməsini çox da xoşlamırdılar:

“Miqren ağrılarına görə işə getmədiyim günlərdə uşaqlarım elə sevinirdilər ki, özlərindən mahnı quraşdırıb “Anamız evdədir! Onun başı ağrıyır!” deyə-deyə yanımda atılıb-düşürdülər. Bu mahnı başımın ağrısını azaltmırdı, əksinə, ürəyim də ağrımağa başlayırdı. Amma zaman artıq məni hər şeyə, o cümlədən əbədi günah hissinə də alışaraq yaşamağı öyrətmişdi”.

Hərçənd o illərdə dərc etdirdiyi anonim məqalədən bəlli olur ki, eyni vaxtda həm övladları, həm də işiylə “nəfəs alan” Qolda o hissi kütləşdirmək üçün elmi əsaslar axtarıb: “İşləyən qadının qəlbindəki ümidsizlik həmlələri və daxili mübarizə başqa heç bir şeylə müqayisə oluna bilməz. Elə qadınlar var ki, ailələri həyatlarında nə qədər böyük yer tutur-tutsun, onların təbiəti daha çox şey tələb edir – onlar cəmiyyət həyatından kənarda qala bilmirlər. Bəzi nəzəriyyəçi pedaqoqlar ərləri və övladları üçün ətraf dünyadan imtina edən qadınları bacarıqsız hesab edirlər, onların dünyanın bütün əzab və sevinclərini qəbul edə biləcək qəlbə sahib olmadıqlarını deyirlər. Bəli, yalnız öz uşaqlarıyla məşğul olan qadın etibarlıdır, övladlarını çox sevir, onlara çox yaxşı baxır. Amma bir qadının işləməkdən imtina edib ömrünü ancaq uşaqlarına həsr etməsi onun işləyən qadından daha etibarlı ana olmasını sübut etməz. Yaxud da bir qadının məşuqu yoxdursa, bu, onun öz ərini sevməsinin sübutu sayılmaz”.

****
Fələstindəki Britaniya administrasiyası ancaq yollar salmaqla məşğul olur, ölkə iqtisadiyyatının inkişafı üçün heç bir iş görmür. Bundan başqa, ərəblərin antiyəhudi siyasətinə dəstək verərək yəhudilərin Fələstinə köçünü məhdudlaşdırmağa başlayır. 1930-cu ildə bu immiqarsiyanı ümumiyyətlə qadağan etmək məsləsi gündəmə gəlir.

Amma nə iqtisadi böhran, nə də zaman-zaman baş verən terror hadisələri yəhudiləri Fələstinə köçmək fikrindən daşındıra bilir. Onlar orda yerləşib icmalar və şəhər məhəllələri salmaqda, idarəetmədə iştirak üçün öz namizədlərini irəli sürməkdə davam edirlər.

1932-34-cü illərdə Qolda Amerikanın müxtəlif ştatlarına çoxlu səfərlər edir, hər yerdə Fələstin haqqında danışıb ordakı işlər üçün ianə toplamağa çalışır, “İcmada qadının rolu” və ya “Fələstində əmək adamlarının vəziyyəti” mövzusunda mühazirələr oxuyur. Təşkilatların birində üzvlərin kart oynayaraq pul topladığını öyrənib qəzəblənir, “Bizə belə pul lazım deyil, kart oynamaq istəyirsinizsə, bunu özünüz üçün edin, bizim üçün yox” deyir. Qadınlardan biri ondan “Qolda xanım, siz Fələstində kart oynamırsızmı?” soruşanda o, eyni qəzəblə “Əlbəttə, yox! Siz bizi nə hesab edirsiz?” deyə cavab verir. Bu hadisədən bir il sonra Tel-Əvivdə yoldaşlarının öz evlərinin balkonunda kart oynadığını görüb həmin qadına məktub yazmaq, ondan üzr istəmək istəyir, amma ünvanını bilmədiyi üçün bunu edə bilmir.

Ard-arda 14 il Histadrutda müxtəlif vəzifələrdə çalışan Qolda sosialist prinsiplərin gündəlik tətbiqi üçün səy göstərir. Tred-yunionizmin bərabərlik aspektinə istinadən israr edir ki, təşkilatın Tel-Əvivdəki binasınını 9 uşaqlı qapıçısı iki uşağı olan birindən, məsələn, elə onun özündən çox maaş almalı, Histadrut bütün işsizləri aylıq müavinətlə təmin etməlidir. Təşkilat daxilindəki ciddi etirazlara baxmayaraq, Qolda bu məqsədlə Histadrutda işsizlər üçün “Mifde” (“ödəniş”) adlı kassa yaradır, onların sayı 10 minə çatanda işsizlik vergisinin artırılmasında israr edir. Bu təcrübədən 1936-cı ildə - yaşayış məntəqələrinə basqınlar edən, yüzlərlə əkin sahəsi və ağac yandıran, qatar və avtobusların qəza törətməsinə nail olan ərəblərin antiyəhudi çıxışları xeyli insan və mal-mülk itkisinə səbəb olan dövrdə də istifadə olunur , “yerləşmə üçün torpaqpulu” toplamaq məqsədilə bütün yəhudi əhali müdafiə vergisinə cəlb edilir (Yəhudilərin Fələstinə köç kvotasını getdikcə daha çox azaldan Britaniya administrasiyasına yeni bəhanə verməmək üçün Histadrut ərəblərə qarşı silahlı müqaviməti qadağan edən təmkinlilik siyasət xətti – “havlaqa” elan etmişdi). Hətta İkinci dünya müharibəsi illərində yaradılmış hərbi yardım fondu da bir vaxt xeyli tənqid edilən “Mifde” təcrübəsinə istinad olunur.

O illərdə Hitlerin tətbiq etdiyi antiyəhudi qanunları onları bütün siyasi və vətəndaş hüquqlarından məhrum edir və bu, yəhudi dövlətinin zəruriliyi barədə Qoldanın mövqeyini daha da möhkəmləndirir. 1943-cü ildə faşizmdən qaçan minlərlə yəhudi Fələstinə gəlir. Onsuz da maddi sıxıntılar içində yaşayan tin yəhudiləri qaçqınlar üçün də şərait yaratmağa başlayırlar.

Onlardan bəziləri antiterror əməliyyatlarının keçirilməsini tələb edirlər. Amma Qoldanın da daxil olduğu çoxluq buna qarşı çıxır. Qolda hesab edir ki, yəhudilərin qətlində iştirak etməyən ərəbləri cəzalandırmaq mənəviyyatsızlıqdır. O inanır ki, həyat səviyyəsi Yaxın Şərqin digər ölkələrindəki soydaşlarından qat-qat yaxşı olan ərəblər (o cümlədən Suriyadan və digər ölkələrdən köçüb gəlməkdə olan qeyri-yerli ərəblər) nə vaxtsa yəhudi dövlətinin bərabərhüquqlu vətəndaşları olaraq yəhudilərlə sülh və qardaşlıq şəraitində yaşayacaqlar. Bunun mümkünsüz olduğunu Qolda illər sonra anlayacaqdı.

****
1936-cı ildə Pil komissiyası Fələstinin 2 min kvadrat metrlik ərazisində yəhudi dövlətinin qurulmasını, Yerusəlim və oradan dənizə çıxış xaric, qalan bütün ərazinin ərəblərə verilməsini tövsiyə edir. “İstənilən dövlət dövlətsizlikdən yaxşıdır” deyən Ben-Qurionadan fərqli olaraq Qolda və daha bir neçə rəhbər şəxs qəti şəkildə buna etiraz edirlər. Amma planın baş tutmasına ilk növbədə ərəblərin etirazı mane olur və bununla da onlar indikindən dəfələrlə böyük dövlətə sahib olmaq şansını əldən buraxırlar. Sonralar Qolda bu işin pozulmasında rolu olmadığına sevinir: “Mən bu yüklə yaşaya bilməzdim. Çünki o vaxt bizim kiçicik bir dövlətimiz olsaydı, İkinci dünya müharibəsində yüzminlərlə yəhudi faşistlərin krematoriyalarından və qaz kameralarından xilas ola bilərdi. Amma o vaxt Fələstində yaşayan yəhudilərin avropalı yəhudiləri öz yanlarına çağırmaq kimi elementar hüquqları belə yoxdu”.

Yaffa limanında ərəb fəhlələrin tətilindən sonra Histadrut dəniz daşımaları layihəsi hazırlayır (1937), layihə üçün maliyyə tapmaq işi Qoldaya həvalə olunur və o, növbəti dəfə Amerikaya yollanır. Meir Amerika yəhudilərini yeni limanın zəruriliyinə inandıraraq gəmilər almaq və işçi heyət hazırlamaq üçün ianə toplayır.

1938-ci ildə ABŞ prezidenti Franklin Ruzveltin təşəbbüsüylə Fransanın Evian-le-Ben şəhərində yəhudi qaçqınların məsələsi müzakirə edilir. Avropa ölkələrinin çoxu məhdud sayda qaçqın qəbul edə biləcəyini bildirir. Həmin konfransda “Fələstindən olan yəhudi müşahidəçi” statusuyla iştirak edən Qolda soydaşlarının taleyinə qarşı bu biganəlikdən son dərəcə sarsılır, bir daha əmin olur ki, “olum, yoxsa ölüm” sualına hər bir millətin öz cavab variantı olmalıdır. Konfransdan sonra keçirdiyi mətbuat konfransında Qolda bunları deyir: “Ölməzdən əvvəl görmək istədiyim tək bir şey var – mənim xalqımın bir də heç vaxt şəfqətə ehtiyacı olmasın”.

1939-cu ildə Avstriya və Almaniyada yəhudilərə qarşı təqiblər və qətllər başlayır və elə həmin il də Çemberlenin rəhbərliyindəki Britaniya hökuməti onların Fələstinə köçməsini limitləşdirən (5 il ərzində 75 min) və ərəblər etiraz edərsə, 5 il sonra ümumiyyətlə qadağan edən “Ağ kitab” dərc edir. Fələstin yəhudiləri bu sənədin tələblərinə müharibədən sonra əməl etməyi xahiş edirlər, amma onların xahişinə məhəl qoyulmur. İsrail Əmək Partiyası bu qadağaya tabe olmamaq və lazım gəlsə, ingilislərlə vuruşmaq qərarı verir. Müharibə başlayanda partiya həm də Hitlerə qarşı mübarizə elan edir.

Əmək problemləriylə məşğul olmağa davam edən Qolda yəhudi gənclərin Britaniya ordusunda xidmət məsələsini müzakirə etmək üşün tez-tez hərbiçilərlə görüşür, amma müzakirələr nəticəsiz yekunlaşır – yəhudilərə ancaq köməkçi və tibbi hissələrdə xidmət etməyə icazə verilir.
Histadrut Hərbi-iqtisadi Şura yaradıb Avropa yəhudilərinin müqavimət hərəkatına maliyyə yardımı toplamağa başlayır. Müharibənin sonuna qədər bu Şuranın üzvü olan Qolda nəzərdə tutulmuş məbləğin əldə edilməsində yaxından iştirak edir.

Yəhudilərə qarşı kütləvi qırğınlar Qoldanın həyatında dərin iz buraxır. Faşistlərin əlindən qurtulub Fələstinə qaça bilmiş uşaqların, qadınların, kişilərin gözlərindəki dəhşəti, o, müharibədən sonra da böyük ağrıyla xatırlayır. BMT Təhlükəsizlik Şurasının toplantısında (1960) Argentina hökuməti keçmiş gestapoçu, yəhudilərin kütləvi qırğınlarının təşkilatçısı Otto Adolf Eyxmanı bu ölkədən oğurlayıb məhkəmə qarşısına çıxaran İsraili qanun pozuculuğunda ittiham edəndə Qolda bunları deyir:

“Eyxman 6 milyon yəhudini məhv edib – Almaniyada, Fransada, Belçikada, Hollandiyada, Lüksemburqda, Polşada, SSRİ-də Macarıstanda, Yunanıstanda, İtaliyada, Çexoslovakiyada, Avstruyada, Rumıniyada, Bolqarıstanda yaşayan yəhudiləri. Onların arasından elm, incəsənət, mədəniyyət nəhəngləri yetişmişdi. O illərdə milyonlarla uşağın öldürülməsi sonrakı nəslin də məhv edilməsi deməkdir. Bu hadisənin dəhşətini və İsrail və yəhudi xalqının gələcəyinə vurduğu zərbəni kim tam olaraq təsəvvür edə bilər?”

İsrailə səfir göndərilmiş (1965)Rolf Paulsun müharibə iştirakçısı olduğunu öyrənən Qolda bu təyinata ciddi şəkildə etiraz edir (Bununla bağlı ölkədə etiraz aksiyaları da keçirilir). Sonralar yaxın dost olacağı Pauls ilk görüşdə Qoldaya bir söz verir və orda çalışdığı bütün müddət ərzində vədinə əməl edir: “Sizin yanınıza gəlməzdən əvvəl mən Yad va-Şemi (soyqırım abidəsi) ziyarət etdim. Sizə söz verirəm – nə qədər ki, İsraildəyəm, bura gələn hər bir almanın ilk növbədə o memoriala baş çəkməsini şəxsən özüm təmin edəcəm”.

İki il sonra İsrailin xarici işlər naziri Abba Evenin xahişilə Qolda Almaniyaya getməli olur - Fil Dişi Sahilinin prezidenti Feliks Ufue-Buanyi ilə görüşüb ondan BMT-də Yuqoslaviyanın (əslində Rusiyanın) tələbilə səsə qoyulacaq anti-İsrail qətnaməsinin əleyhinə səs verməyi xahiş etmək üçün (Qətnamədə 6 günlük müharibəyə görə İsrail aqressor elan edilir və “işğal etdiyi” ərazilərdən dərhal çıxması tələb olunurdu). Ufue-Buanyi Qoldayla dostuydu, onun sözünü yerə salmayacaqdı, amma həmin günlərdə o Almaniyadaydı. Ölkəsinin mənafeyi naminə bu ölkəyə getmək məcburiyyətində qalan Qolda sonralar bu səfərini həyatının ən acı xatirələrindən biri kimi xatırlayır.

****
1945-47-ci illər ərzində Əmək Partiyası Britaniya administrasiyasının güclü blokadasını dəf edərək əsir düşərgələrindən Fələstinə 70 minə yaxın yəhudi gətirməyə nail olur (O illərdə Britaniya hökuməti hətta ABŞ prezidenti Trümenin də xahişini yerə salmış, Almaniya və Avstriyadan 100 min qaçqının Fələstinə gəlməsinə icazə verməmişdi).

1946-cı ilin aprel ayında Briyaniya hökuməti yəhudi qaçqınlarla dolu iki gəminin Rivyeredən (İtaliya) Fələstinə yola düşməsinə mane olur. Onlar gəmiləri tərk etməyəcəklərini, zor tətbiq ediləcəyi halda bir-birilərini öldürəcəklərini bildirib aclığa başlayırlar. Qolda Yəhudi Milli Şurasına gedib 15 nəfərlik komandayla aclıq aksiyasına başlamağı təklif edir. Yaxın keçmişdə xəstəlik keçirdiyinə görə həkim onun aksiyada iştirakına icazə vermir. Qolda aksiyaya ya evdə təkbaşına, ya da hamıyla birlikdə həkim nəzarəti altında qoşulacağını deyib onu seçim qarşısında qoyur. Xeyli tərəddüddən sonra həkim, nəhayət, razılaşmalı olur.

Aksiya müsbət nəticə verir, may ayında gəmilər Fələstinə yola düşür. Amma iyunun 26-da Britaniya hökuməti Fələstin yəhudilərinə qarşı kütləvi təzyiqlərə başlayır. Yüz min əsgər və iki min polis icmalara, kəndlərə və təşkilatlara basqın edir, yəhudilər yaşayan bütün yaşayış yerlərində komendant saatı elan edilir, 3 minə qədər yəhudi, o cümlədən, bir çox liderlər həbs olunub düşərgələrə yerləşdirilir. Amma bu, gözlənilən effekti vermir, çünki həmin günlərdə yəhudilərin çoxu həbs edilməyi özü üçün şərəf hesab edir. Sonralar İsraildə “qara şənbə” adlandırılacaq həmin gündən etibarən Fələstində polis rejimi bərqərar olur.

Yəhudi Agentliyinin siyasət departamentinin müdiri vəzifəsini icra etməyə başlayan Qolda kütləvi həbslərə vətəndaş itaətsizliyilə cavab verməyi təklif edir. Ümumdünya Sionist Təşkilatının sədri və Yəhudi Agentliyinin rəhbəri Xaim Veytsman (1948-ci ildə yəhudi dövlətini tanımaq zərurətinə Trumeni məhz o inandırmışdı) əvvəl bu təklifi dəstəkləsə də, sonradan fikrini dəyişir və bu, Qoldanı möhkəm qəzəbləndirir – müzakirə sona çatmamış Veytsmanın kabinetini tərk edir.

Britaniya administrasiyasının maneələri (hətta qaz bombaları da) yəhudilərin Fələstinə köçünü əngəlləyə bilmir. 1947-ci ildə Britaniya hökuməti onları Kiprdəki düşərgələrdə yerləşdirməyə başlayır. Orda çalışan yəhudi həkimlər bir gün Qoldanın qəbuluna gəlib deyirlər ki, uşaqların sağlamlığı təhlükə altındadır, növbəti qışdan sağ çıxmaya bilərlər. Qolda təcili surətdə Kiprə yollanır və təkcə uşaqlı ailələrin yox, müharibədə valideynlərini itirmiş yetim uşaqların da Fələstinə köçürülməsinə nail olur.

****
Həmin ilin noyabr ayında BMT Fələstinin 3 hissəyə bölünməsi planını açıqlayır - ərəb dövləti, yəhudi dövləti və beynəlxalq idarəçiliyə verilən Yerusəlim (Qüds) və Vifleyem (Betlehəm) şəhərləri.

İki ay sonra (1948) Qolda İsrail dövlətinin müdafiəsinin təşkili üçün maliyyə tapmaq məqsədilə ABŞ-a yollanır və ordakı yəhudi icmasının üzvlərindən 50 milyon dollar toplayır - gözləntilərdən bir neçə dəfə çox. Ben-Qurion deyir ki, “Meirin gətirdiyi pul dövlət qurmağımızı mümkün etdi. Buna görə o, bir gün mütləq tarixə düşəcək”.

İsrailin rəsmi elanına 4 gün qalmış Qolda ərəb qadınları kimi geyinib Transiordaniyanın (indiki İordaniya) kralı I Abdullayla görüşmək üçün Ammana gedir və ondan xahiş edir ki, digər ərəb dövlətlərinin yəhudilərə qarşı savaşında iştirak etməsin. Kral dövlətin elanına tələsməməyi məsləhət görür, Qolda isə ona belə cavab verir: “Biz 2000 il gözləmişik. Tələsmək budur?”

1948-ci il may ayının 14-də İsrailin müstəqilliyi haqqında deklorasiyanı imzalayan 24 nəfərdən (iki qadından) biri Qolda Meir olur (“Mənim həyatım” kitabında Qolda imza atandan sonra ağladığını yazır). Bir gün sonra ərəb ölkələri koalisiyası İsrailə hücum edir (birinci ərəb-İsrail müharibəsi). Bu müharibə 700 min – 1 milyon arası ərəbin Fələstindən qaçqın düşməsilə nəticələnir. Qolda İkinci dünya müharibəsində yəhudilərin Avropada yaşadıqları faciəyə bənzədir.

****
İsrail dövlətinin ilk pasportunu Qoldaya verirlər. Az sonra o, SSRİ-yə səfir təyin olunur. Moskvada xor sinaqoqunu ziyarət edən səfir xanımı minlərlə yəhudi dövrəyə alıb onun adını səsləndirməyə başlayır. Stalin Yaxın Şərqdə Sovet İttifaqının mövqeyini möhkəmlətmək üçün İsraillə münasibətləri inkişaf etdirmək istəyir, amma milli hərəkatlara və dini qurumlara qarşı sovet siyasəti, ivrit dilinin öyrənilməsinə və İsrailə emiqrasiyaya qoyulan qadağa buna imkan vermir.

1949-cu ildə partiya siyahısı üzrə qatıldığı parlament seçkisində Qolda Knessetə seçilir (o cümlədən, 1974-cü ilə qədərki seçkilərin hamısında). 1949-56-cı illər aralığında əmək naziri vəzifəsində çalışır, İsrail dövlətin ümummilli rifah siyasətini reallaşdırır, immiqrantların işlə təmin olunmasını təşkil edir. Həmin illərdə 200 min mənzil, 30 min ev, xeyli sayda xəstəxana və məktəb tikilir, yollar çəkilir, sənaye və kənd təsərrüfatında irimiqyaslı layihələr həyata keçirilir. Qolda 1954-cü ildə qəbul edilmiş milli sığorta qanununun hazırlanmasında da yaxından iştirak edir; bu qanunun, o cümlədən, hamiləlik və doğuş üçün müavinət proqramını İsrailin sosial təminat sisteminə daxil edir. Bir il sonra o, Ben-Qurionun qərarıyla Tel-Əvivin meri təyin olunur, amma şəhər sovetindəki dini blok “qadın olduğu üçün” onun təyinatını dəstəkləmir və o, 2 səs fərqiylə məğlub olur.

1956-cı ildə Qolda xarici işlər naziri təyin edilir, onun sayəsində İsrailin yeni yaranmış Afrika ölkələriylə münasibətləri yaxşılaşır. Həmin ilin yayında Misir prezidenti Camal Əbdül Nasirin Süveyş kanalını milliləşdirməsi və İsrail gəmilərinin kanala girişini qadağan etməsi İsrailin bu ölkəyə savaş açmasına gətirib çıxarır - ikinci ərəb-İsrail müharibəsi başlayır. Az sonra konfliktə Süveyş kanalı kompaniyasının əsas aksionerləri olan Böyük Britaniya və Fransa da qoşulurlar. Qolda hərbi əməliyyatlar başlayana qədər Fransa hökuməti və silahlı qüvvələr arasındakı planlaşdırma və koordinasiya prosesində iştirak edir, münaqişənin BMT-dəki müzakirəsinə İsrail heyətinin rəhbəri olaraq qatılır. Hərbi əməliyyatlara bu qurumun müdaxiləsiylə son verilir.

****
1957-ci ildə “psixikası qeyri-sabit olan” birinin Knessetə əl qumbarası atması nəticəsində Qolda ayağından yüngül yaralanır. 1960-cı ildə Meirdə xərçəng şişi aşkar edilir. 1966-cı ildə o, səhhətinə görə vəzifəsindən istefa verir. Amma az sonra partiya yoldaşlarının xahişilə ictimai fəaliyyəvətini bərpa edir - Əmək Partiyasının baş katibi seçilir. Bir il sonra baş vermiş 6 günlük üçüncü ərəb-İsrail müharibəsində İsrailin parlaq qələbəsi (Misirin (onda Birləşmiş Ərəb Resbublikası adlanırdı) İsrailə Tiran boğazından istifadə qadağası qoyması yeni konfliktə səbəb olur, İsrail Misirə hücum edir, cəmi bir neçə gün ərzində onu və konfliktə qoşulmuş Suriya və İordaniyanı məğlub edib Qəzza bölgəsini, Sinay yarımadasını, İordan çayının qərb sahilini, Şərqi Qüdsü və Qolan təpəliyini ələ keçirir) təşkilatın nüfuzunu daha da artırır.

Haşiyə: 19 il əvvəl yəhudilərin üzünə qapadılmış Ağlama divarı bu müharibədən sonra yenidən onların əlinə keçir. ABŞ-a səfər etməli olan Qolda hələ ziyarətə açılmamış məbədə getmək üçün icazə alır, ora gələndə görür ki, bir neçə saat əvvəl Yerusəlim uğrunda qanlı döyüşdə yoldaşlarını itirmiş əsgərlər Divara qısılıb ağlayırlar. O, “şalom” (sülh) yazdığı kağızı divardakı yarıqlardan birinə qoyur, bu zaman əsgərlərdən biri Qoldanı qucaqlayıb ağlamağa başlayır. O anları həyatının ən təsirli dəqiqətlərindən hesab edən Qolda bu hadisə haqqında sonralar belə deyəcəkdi: “İkimiz də ağlayırdıq... Görünür, o an onun yaşlı bir qadının şəfqətinə ehtiyacı vardı”.

1969-cu ildə Baş nazir Levi Eşkol ürək tutmasından vəfat edir və partiya onun yerinə Qolda Meirin namizədliyini irəli sürür, bu vəzifəni o, 1974-cü ilə qədər icra edir. Həmin il Knessetə keçirilən seçkilərdə partiya 56 yer qazanaraq İsrail tarixinin ən yüksək nəticəsini əldə edir. Baş nazir postundakı ilk iki ilində Qolda bir çox dünya lideriylə görüşüb Yaxın Şərqdəki vəziyyətlə bağlı onların baxışlarına təsir etməyə çalışır. Misirlə davam etməkdə olan hərbi qarşıdurmaya son vermək və “təhlükəsiz və tanınan sərhədlərə doğru çəkilmək”lə bağlı ABŞ-ın sülh təşəbbüsünə (1970) müsbət yanaşır. Üç il sonra Qolda Henri Kissincerin sülh planına da eyni münasibəti sərgiləyir – bu plana görə, İsrail Sinay yarımadasını Misirə qaytarmalı, Misirsə İsrailin Sinaydakı bəzi strateji mövqelərdə qalmasına razılıq verməliydi.

Haşiyə: Səfərlərinin birində o, bir zamanlar oxuduğu Maruoki məktəbinə də baş çəkir. Şagirdlər onu böyük coşquyla qarşılayırlar. Qolda onlara deyir ki: “Böyüyəndə kim olacağınızı hələ uşaqkən müəyyənləşdirmək vacib deyil. Necə həyat yaşamaq istədiyinizi müəyyənləşdirmək bundan qat-qat vacibdir. Özünüzə və dostlarınıza qarşı dürüst olmanız; təkcə sizə yox, həm də başqalarına fayda verən işlərə qatılmanız kifayətdir. Bu yolun sizi hansı mənsəbə aparması isə yəqin ki, təsadüf işidir”.

1972-ci ilin yayında Qərbi Almaniyanın Münhen şəhərində keçirilən olimpiadada “Qara sentyabr” terror təşkilatının on bir İsrail idmançısını öldürməsinə cavab olaraq Qolda Meir “Mossad”a (İsrailin milli kəşfiyyat agentliyi) terrorçuları tapmaq və öldürmək tapşırığı verir. Knessetdəki çıxışı zamanı o bəyan edir ki, “Terroristlərin harda olmalarından asılı olmayaraq İsrail dövləti xalqımıza məxsus bütün güc və bacarığını ortaya qoyub onları tutacaq”. “Allahın qəzəbi” adı verilmiş gizli əməliyyat nəticəsində bir il ərzində 17 terrorçunun 13-ü qətl edilir. “Qara sentyabrın” lideri Əbu Əyyad sa 19 il sonra (1991) öldürülür.

Fələstin Azadlıq Təşkilatı Qoldaya qarşı sui-qəsd planı hazırlayır. Bir telefon danışığındakı kodlaşdırılmış informasiyanın analizi nəticəsində bundan xəbər tutan “Mossad” terror aktının vaxtı və yeri barədə məlumat toplamağa başlayır. Məlum olur ki, Qoldanı Romaya səfəri (yanvar, 1973) zamanı öldürməyə hazırlaşırlar. İtaliya polisi və “Mossad”ın agentləri hava limanını mühasirəyə alırlar. Uçuş trayektoriyasına yaxın sahələrdən birində bir furqon və sürücüsü, furqonun içindəsə 6 raket və iki terrorçu aşkar edilir. Terrorçular atəş açır, cavab atəşi nəticəsində ağır yaralanırlar, sürücüyə edilən təzyiqlər nəticəsində “Mossad”çılar başqa bir yerdə ikinci furqonun olduğunu da öyrənirlər. Üstündə 3 raketatma qurğusu olan bu furqonu kəşfiyyatçılar öz maşınlarıyla vurub aşırırlar.

Əmək Partiyasının 1973-ün dekabrında keçirilən Knesset seçkilərdəki qələbəsindən cəmi 3 ay sonra Qolda Meir istefa verir: “5 il kifayətdir. Artıq bu yükü daşıyacaq gücüm qalmayıb”.

80 yaşında (1978) limfa sisteminin xərcəngi xəsətliyindən vəfat edən bu çox cəsarətli və çox işgüzar qadını Yerusəlimdəki milli qəbirstanlıqda – Herzl təpəsində dəfn edirlər.

****
P.S. “Müdafiə nəzəriyyə deyil. Fələstində hamı, o cümlədən hökumət də çox yaxşı bilir ki, xalq mübarizəyə hazır olmasaydı və cəsarətli yəhudi gəncləri bizim qəsəbələri qorumasaydılar, onların hamısı dağıdılar və yəhudilərin şərəfinə ləkə düşərdi”.

Qolda Meir