Berlindəki Azərbaycan Səfirliyi önündə Mehman Hüseynova azadlıq tələb edilir

Aksiya iki gün davam edəcək

Hazırda Almaniyanın paytaxtı Berlin şəhərindəki Azərbaycan Səfirliyi önündə aksiya keçirilir. Aksiya azərbaycanlı bloger Mehman Hüseynova dəstək məqsədilə təşkil edilib. Mehmana azadlıq tələb edənlər Berlində yaşayan azərbaycanlı fəallar və mühacirlərdir.

Bu barədə Meydan TV-nin hadisə yerində olan əməkdaşı məlumat verib. O, aksiyanın iki gün sürəcəyini deyib:

“Aksiya düz iki gün, Avropa vaxtı ilə səhər saat 10-dan 4-ə qədər davam edəcək. Aksiya iştirakçıları Mehman Hüseynova və onun timsalında Azərbaycanda qanunsuz yerə həbs edilən digər siyasi məhbuslara azadlıq tələb edirlər”.

Daha öncə də Avropanın daha bir neçə ölkəsində Mehman Hüseynova azadlıq tələbi ilə aksiyalar keçirilmişdi. Aksiyalar İsveçin Stokholm, Malmö, Gothenburg, Hollandiyanın Den Haaqa, Fransanın Nantes şəhərində edilmişdi. Təşkilatçılar həmin şəhərlərdə yaşayan azərbaycanlı mühacirlər idi.

Onlar Mehman Hüseynovun aclıq aksiyası keçirməsinə etiraz edirdilər. Azərbaycan hökumətini onu azad etməyə çağırırdılar. Aksiyalar zamanı "Mehman Hüseynova azadlıq", "Siyasi məhbusları azad edin" şüarları səsləndirilmişdi.

İsveçin paytaxtı Stokholm şəhərindəki aksiyada etrazçılar Azərbaycan Səfirliyinə doğru yürüş də etmişdilər.

Bloger Mehman Hüseynov günlərdir aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.
Yerli və xarici təşkilatlar Azərbaycanda 160-a yaxın siyasi məhbus olduğunu qeyd etsə də, hökumət ölkədə siyasi məhbus olmadığını bəyan edir.