İŞİD, arxiv foto
İŞİD, arxiv foto

İŞİD-ə qoşulmaqda ittiham olunan azərbaycanlı: Gələn kimi yaxşıca əzişdirdilər

Təqsirləndirilən şəxslərə hökm oxunub

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan “Əl Nüsra Cəbhəsi"ndə Suriyadakı döyüşlərdə iştirak etməkdə ittiham olunan Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevə hökm oxunub. Hakim Eldar İsmayılovun sədrliyilə çıxarılan hökmə əsasən, onlar qanunsuz silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinib.

E.Quliyev 13 il, A.Baxışov və T.Əliverdiyevin hər biri isə 9 il azadlıqdan məhrum edilib.

Lakin onlar ittihamı qəbul etmir və heç vaxt İŞİD-çi olmadıqlarını, əllərinə silah almadıqlarını deyirlər.

İttiham aktında yazılıb ki, adları çəkilən Suriyada silahlı qruplaşmanın tərkibində, hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbula gəlib, oradan da Azərbaycana qayıdıblar. Azərbaycanda da həbs olunublar.

Təqsirləndirilən E.Quliyev deyir ki, bundan əvvəl onu üç dəfə tutub, izahatını alıb buraxıblar. İndi də niyə həbs olunduğunu bilmir.

Lakin istintaqdakı ifadəsi fərqlidir. Orada bildirir ki, Suriyadakı döyüşlərdə insanlara kömək etmək üçün cihada getmək fikrinə düşüb: “Azərbaycanda və Türkiyədə olan şəxslər vasitəsilə Suriyaya getdim. Artma şəhərində Asim və Teyfurla təlimlərlə tanış olduq. Aşurov Nicatın rəhbərlik etdiyi “Azəri” camaatının olduğunu eşitdik. Bir müddət sonra məni ora aparan Cəmilin döyüşlərdə öldüyünü öyrəndik. Bəşər Əsədin ordusunun nəzarətində olan “Batar Minna” hava limanı uğrunda gedən döyüşlərdə ayağımdan və qolumdan yaralandım. Suriyada bir müddət xəstəxanada qalsam da, yaram ciddi olduğu üçün Türkiyəyə getməyimi məsləhət bildilər. İstanbula gəlib orada müalicə olundum, sonra da Azərbaycana qayıtdım”.

E.Quliyev bildirib ki, istintaqda təzyiq altında belə ifadəyə imza atmalı olub: “Məni ora Cəmil aparmışdı, dedi ki, yük daşımağa kömək edərsən. Ora bomba düşdü, partladı, mənim də başım əzildi”.

Təqsirləndirilən T.Əliverdiyev də istintaq vaxtı təzyiqlərə məruz qalmasından şikayətlənib: “Gələn kimi yaxşıca əzişdirdilər. Sonra yuxarı mərtəbəyə qaldırıb kağıza qol çəkdirdilər”.

Təqsirləndirilən A.Baxışov deyir ki, Suriyaya döyüşməyə yox, humanitar məqsədlərlə - dağıntılar altındakı insanlara, qaçqınlara kömək üçün getmişdi. Qayıdanda onu sərhəddə saxlayıblar: “Heç bir silahlı qruplaşmada iştirak etməmişəm. Ancaq xeyriyyə məqsədilə ora getmişəm. Həftədə iki dəfə “Skype” vasitəsilə anamla əlaqə saxlayırdım”.

Ancaq məhkəmə onların bu ifadələrinin özünümüdafiə kimi qiymətləndirib və həqiqətə uyğun saymayıb.