Avtomobilin vurduğu yol təmizləyən qadın ölüb

Bir gün xəstəxanada qalan Almagül Muradovanın həyatını xilas etmək mümkün olmayıb

Paytaxtın Heydər Əliyev prospektində təmizlik işi apararkən maşınla vurulan 53 yaşlı Almagül Muradova dekabrın 7-də 3 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Hadisə dekabrın 6-da, saat 7 radələrində baş verib. Məlumatda bildirilir ki, paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Samir Dadaşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Bakı şəhər sakini Almagül Muradovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami Rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidməti Alomagül Muradovanın elə həmin gün əməliyyata alındığını bildirmişdi.