Vəkil Hüseyn Məliklə görüşüb

Hüseyn Məlik

Gecə evindən aparılan ADR üzvü polisin qanuni tələblərinə tabe olmamaqda təqsirləndirilir

Vəkil Fariz Namazlı dekabrın 7-də 25 sutka inzibati cəza alan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məliklə görüşüb.

Vəkil Fariz Namazlı inzibati həbs olunanların saxlanılma yerində saxlanılan Hüseyn Məlikin səhhətinin normal olduğunu bildirib.

Vəkil deyir ki, Hüseyn Məliki dekabrın 4-dən 5-nə keçən gecə iki nəfər mənzilindən aparıb:

“Hüseyn Məlik ona qarşı özbaşınalıq olduğunu söyləyir və həbsini qanunsuz sayır. Çünki o, yuxudan oyadılaraq aparılıb, onun evinə gələnlərdən biri polis, digəri isə mülki geyimdə olublar. Özü belə deyir”.

Fariz Namazlı Hüseyn Məlikin İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittihiham olunduğunu bildirib.

Hüseyn Məlik dekabrın 4-dən 5-nə keçən gecə saxlanılıb. Səbail Rayon Məhkəməsi onun 25 sutka azadlıqdan məhrum olunması barədə qərar çıxarıb.