Eldar Mahmudov
Eldar Mahmudov Fotoqraf: trend

MTN polkovniki: Biz sifarişli işlərdə necə edirdiksə, bizə qarşı da o üsulda istifadə etdilər

''Zərərçəkmişin heç biri qanuni sahibkarlıqla məşğul olmayıb''

Həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyev, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev və Anar Şirəliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Sahibxan Mirzəyevin sədrliyilə keçirilən məhkəmədə keçmiş MTN polkovniki Füzuli Əliyev və onun vəkili İqbal Həsənov çıxış edib.

F.Əliyev bildirib ki, özünün və yaxınlarının, bəzi hallarda, ümumiyyətlə, ona heç bir aidiyyəti olmayan adamların əmlaklarının üzərinə həbs qoyub, çoxunu da müsadirə ediblər. Təqsirləndirilən polkovnikin sözlərinə görə, MTN işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər sahibkar kimi təqdim olunsalar da, onların heç biri qanuni sahibkarlıqla məşğul olmayıblar. Bir çoxunun məhkumluğu var, bəziləri hazırda da həbsdədir:

“Bizim işimizi aparan müstəntiqlərin özləri də deyirdilər ki, bunların heç biri düz-əməlli adam deyil. Onların qarşısında qoyulmuşdu ki, bizə ağır və xüsusilə ağır maddələrlə ittiham verilməlidir. Onlar da açıq qanunsuzluq elədilər, faktiki cinayətkarlardan istifadə edib bizə qarşı sübut bazası topladılar. Acından ölən, hamıya borcu olanları sahibkar kimi təqdim eləyiblər. O zərərçəkənlərin heç biri qanuni sahibkarlıqla məşğul olmayıb. Onlar ya “obnaliçka” ilə məşğul olub, dövlət büdcəsinin talanmasında vasitəçilik ediblər, ya da qaçaqmalçılıqla qızıl-brilyant, telefon gətiriblər... Aralarında dələduzluqla məşğul olan, ermənilərlə işbirliyində şübhəli bilinən bir neçə nəfər də vardı. Biz qanuni sahibkarlıqla məşğul olan heç kimin maraqlarına toxunmamışıq. 2014-cü ildə bizə tapşırıq verildi ki, “obnaliçka”nın qarşısını alaq. “Obnaliçka”nın arxasında böyük qüvvələr dayanırdı. Bir tərəfdən qüdrətli dövlət təşkilatları, o biri tərəfdən qüdrətli sahibkarlar... Ortadakı vasitəçi maklerlər vasitəsilə biz bu işdə uğur qazandıq. 2014-cü ilin sonlarında demək olar ki, biz bu yolla büdcənin talanmasının qarşısını almışdıq”.

Onun ittiham olunduğu epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslər haqqında ayrı-ayrılıqda danışan F.Hüseynov bildirib ki, gəmi təmirilə məşğul olan “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovdan pul tələb etməsi, 400 min manat alması barədə dedikləri də, ittihamda yazılanlar da yalandır:

“Mən birinci instansiya məhkəməsində həm kişi kimi, həm zabit kimi şərəfimə and içdim ki, mən ondan nə pul istəmişəm, nə də pul almışam. Bu adam şər dağarcığıdır. O, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı, şirkəti şərikinin əlindən almaq üçün ona nə böhtanlar atmırdı... Mən Allahdan qorxan adamam. Deyir, dörd dəfə Həccə getmişəm. Məhkəmədə özünə də dedim, 4 dəfə Həccə getmisən, amma şərikinə, nə qədər adama şər yaxırsan. Məhkəmədə soruşdum ki, sən mənə pul vermisən? Qaldı belə, qayıtdı ki, “ziyana düşmüşəm”. Ardınca da “Allah qapınızı açsın” deyib getdi. indi də şikayət verib ki, cəzaları azdır. Mənə 14 il verilib, bunun nəyi azdı, güllə verilməliydi?”

 Füzuli Əliyev
Füzuli Əliyev

F.Əliyevin sözlərinə görə, A.Həsənov MTN-ə şərikindən şikayət edib, lakin araşdırma zamanı onun şikayətinin əsassız olduğu üzə çıxıb. Əksinə, A.Həsənovun oğlunun qanunsuz əməlləri aşkarlanıb:

“Belələrinin sözüylə dövlətinə, xalqına xidmət etmiş zabitləri şərləmək... Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan belə adamlardan istifadə edirdik, bizə qarşı da elə elədilər”.

Daha bir zərərçəkmiş Rauf Həsənov haqqında da danışan F.Əliyev bildirib ki, bu adamı qaçaqmalçılıqla bağlı əməliyyat tapşırığı əsasında tutub gətirib müstəntiqə təhvil veriblər. Bundan sonra nə baş verdiyini bilməyiblər:

“Özü ifadəsində deyir ki, məndən pulu müstəntiq Yasin Məmmədov istədi, bir gün sonra aparıb ona verdim. Biz əməliyyatçılar olmuşuq, istintaqa heç bir qarışacağımız olmayıb. Düzdür, Yasin Məmmədov istintaqa ifadəsində deyib ki, bu adamı tanımır, ondan pul almayıb. Lakin işdə olan telefon zənglərinin siyahısından görünür ki, onların arasında intensiv telefon danışıqları olub. Zorla bu epizodu da bizim üstümüzə yükləyiblər. Allah göydən baxır axı”.

Zərərçəkən R.Həsənovun iddiasına görə ondan 300 min dollar alınıb.

F.Əliyevin vəkili İqbal Həsənov bildirib ki, Yasin Məmmədov indi də Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində çalışır. Bakı Hərbi Məhkəməsində bu məsələ araşdırılanda Y.Məmmədovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar, lakin təmin olunmayıb.

Y.Məmmədovun DTX-nın İstintaq İdarəsinin rəis müavini olduğu bildirilir.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.
Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə mühakimə olunub.
Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.
Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.