Sabiq nazirin qardaşı sələmə pul verdiyi adamı girov saxlamaqda ittiham olunur

Naxçıvanın keçmiş daxili işlər nazirinin qardaşı məhkəmə qarşısında

Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədov 2017-ci ilin yayında vəzifəsindən azad ediləndən sonra onun qardaşı Əvəz Əhmədov haqqında da cinayət işi başlandı, ardınca isə, o, həbs olundu. Həmin cinayət işinin məhkəmə araşdırması başlayıb. Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Ə.Əhmədov 2016-cı ilin yayında 100 min dollar sələmə pul verib, sonra həmin pulu və onun faizini qaytara bilməyən Hörmət Əsgərovu öz ofisində girov saxlamaqda, onun həyat yoldaşının qohumu Rəşad Tahirovu da hədələyib ondan 140 min dollar almaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 145.1 (qanunsuz azadlıqdan məhrumetmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Dekabrın 6-da məhkəmədə təqsirləndirilən Ə.Əhmədovun vəkilləri onun haqqında cinayət işinə xitam verilməsi, bu olmasa, hökmə qədər ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar. Müdafiəçilər bildiriblər ki, Ə.Əhmədova qarşı ittihamlar əsassızdır.

Məhkəmədə zərərçəkən Hörmət Əsgərov və Rəşad Tahirov da iştirak edib. R.Tahirov ondan alınmış 140 min dolların geri qaytarılmasını tələb edib və məhkəməyə bu barədə mülki iddia təqdim edib.

H.Əsgərov da Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirləndirilərək həbs olunub. Məhkəməyə təcridxanadan konvoy müşayiətilə gətirilib-aparılır.

Polkovnik H.Əsgərov Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi olub. 2015-ci ildə vəzifədən azad edilib.

Məhkəmə sabiq nazirin qardaşıyla bağlı vəsatətləri təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 19-na təyin olunub.

Ə.Əhmədov Naxçıvan MR-ın Sərhəd Xidmətində işləyib.