Keçmiş nazir müavininin qohumu məhkəmə zalında həbs olundu

 Arif Əsgərov
Arif Əsgərov

Rahib Hüseynovun anası başına gələnlərə görə bacısı oğlunu günahlandırır

Keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbs olunub. Qərarı Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.

R.Hüseynov on gün idi ki, axtarışdaydı. Ev dustaqlığında olan R.Hüseynov noyabrın 22-də məhkəməyə gəlmədiyinə görə onun haqqında həbsli axtarış qərarı çıxarılmışdı. Dekabrın 3-də R.Hüseynov məhkəməyə gəlib və orada həbs olunub.

R.Hüseynovun anası Lətifə Hüseynova mətbuata açıqlamasında bildirmişdi ki, noyabrın 22-də oğlu məhkəməyə getmək adıyla evdən çıxıb və o vaxtdan ondan xəbər yoxdur. L.Hüseynovanın digər oğlu Emil Hüseynov da 9 illik həbsə məhkum edilib. Ana hər iki övladının başına gələnlərə görə bacısı oğlu Elnar Əsgərovu günahkar sayır.

Xaricdən dəmiryoluna aid avadanlıqlar, vaqonlar üçün yataq dəstləri gətirmək adıyla pul alıb adamları aldatmaqda ittiham olunan R.Hüseynova prokuror 10 il azadlıqdan məhrumetmə cəzası istəyib.

R.Hüseynov ittihamı qəbul etmir. O bildirir ki, pulları xalası oğlu E.Əsgərov alıb, özü isə icraçı olub, onun dediklərini yerinə yetirib. Onun sözlərinə görə, adamların əksəriyyəti də pulu sələmlə verib.

L.Hüseynova da deputat Əhliman Əmiraslanovun, Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovun, Tovuzun keçmiş icra başçısı Tofiq Zeynalovun və s. tanınmış şəxslərin adlarını çəkərək bildirir ki, bu adamlar Rahibi yox, Elnarı tanıyıb, ona pul veriblər. L.Hüseynovanın sözlərinə görə, Rahib bu məsələyə görə 11 ay həbsdə saxlanılıb. Sabiq nazir müavini oğlunun əməllərindən xəbərdar olandan sonra pul sahiblərinə onlardan alınan məbləğləri qaytarıb və R.Hüseynov da həbsdən buraxılıb, onun haqqında cinayət işinə xitam verilib. Bundan bir müddət sonra T.Zeynalovun oğlu, polis mayoru Qoşqar Zeynalov yenidən R.Hüseynovdan şikayət edib və nəticədə hazırda məhkəmədə baxılan yeni cinayət işi başlanıb.
Q.Zeynalovla E.Əsgərov bacanaqdır.

E.Əsgərov isə həm xalasının, həm də onun oğlu Rahibin dediklərini təkzib edir. Bildirir ki, bu işə aidiyyəti olmayıb: "Ailəmizin adından sui-istifadə edib, Rahibin aldığı pulları bizim ödəməyimizi istəyirlər. Bu yolla ailəmizi ləkələməyə çalışırlar".