Baş nazirə 1000 dənə alt tumanı

Abort yasağına necə etiraz etməli?

Təxminən bir ay əvvəl Norveçdə formalaşma ərəfəsində olan hökumət abort yasağını gündəmə gətirdi. Əvvəlcə qeyd edim ki, Norveçdə abort hamiləliyin ilk 12 həftəsində ana, ondan sonra isə ancaq həkimin qərarı (ananın səhhətinə təhlükə yaranarsa və daun sindromu kimi çətinləşmələr aşkar edilərsə) ilə sonlandırıla bilər. Amma indi hökumət təklif edirdi ki, abort, ümumiyyətlə, qadağan edilsin. Ailə institutunu qorumaq, demoqrafik vəziyyəti düzəltmək və dölün yaşama haqqı kimi arqumentlər buna əsas gətirilirdi.

Əslində isə səbəb sadə idi. Əsl səbəb isə hakim Sağ (Høyre) partiyanın parlamentdə azlıqda olan, amma həlledici rola malik və əsasən ailə dəyərlərini qoruyan Xristian Xalq Partiyasının (KrF-Kristelig Folkeparti) dəstəyini qazanmaq məqsədi idi.

Amma elə müzakirələr başlar-başlamaz, ölkə bir-birinə dəydi. Televiziya, mətbuat, müxtəlif təşkilatlar debatlar təşkil etdi. Fikir liderləri, yaradıcı adamlar, siyasətçilər, müəllimlər, təqaüdçülər – bir sözlə, hamı etiraza qalxdı. Abort barədə qadağanın insan haqlarına ciddi zərbə olduğunu əsas gətirib, qadının bədəninə müdaxilə kimi qiymətləndirdilər. Tibb, psixologiya, gender ekspertləri abort barədə qadağanın hansı fəsadlara gətirib çıxara biləcəyini kompetent bir şəkildə müzakirə etməyə, tutarlı arqumentlər gətirməyə başladılar. Bir çox halda, abort qadağası tərəfdarları belə bu arqumentlərin qarşısında aciz qaldılar.

Məsələn, ekspertlərdən biri deyirdi ki, zorlama zamanı hamilə qalmış bir qadın reabilitasiya keçməlidir, yaşadıqlarını utunmalıdır. O zorlamadan dünyaya gələn uşağı istəmirsə, bir şiddət qurbanını necə buna məcbur etmək olar? Və ya erkən yaşlarda cinsi həyata başlamış, həyatını qurmaq üçün qarşıda minlərlə iş görməli, mərhələ adlamalı olan gənc qadından bunu necə tələb etmək mümkündür? Lap heç bunlar olmasın, övlada hazır olmayan bir insan sırf qadağaya görə uşaq doğacaqsa, o uşağı necə sevəcək, necə qayğısına qalacaq?

Sonra etiraz aksiyaları başladı. Bu aksiyalara təkcə qadınlar deyil, bütün cinslər qoşuldu. Təbii ki, feminist təşkilatlar daha sərt və daha parlaq aksiyalara başladılar. Məsələn, bu etirazçılardan biri Baş nazir Erna Sulberqə kirli alt paltarı göndərmə aksiyası başlatdı. Bu aksiyada mesaj Baş naziri insanların intim yerlərinə burnunu soxmaq cəhdindən çəkindirmək idi. Poçt paketi alıb, içinə geyilmiş tuman qoyub, zərfin üstünə Baş nazirin ofisinin ünvanını yazan adamlar sosial mediada bu fotoları paylaşır, insanları da bu aksiyaya qoşulmağa dəvət edirdilər.

Bu qadağa daha çox qadınların hüquqlarına zərbə olsa da, etiraz təkcə qadınların etirazı olmadı. Bütün cinslər, bütün peşə sahibləri, siyasi baxışlarından asılı olmadan böyük çoxluq bu qadağa ilə barışmadı. Çünki əsas prinsip insan haqları, insanların şəxsi həyatının toxunulmazlığı idi. Şəxsi həyatlarına çox önəm verən norveçlilər belə bir qadağanı həzm edə bilməzdilər. Etmədilər də.

Nəticədə hökumət geri çəkildi. Abort qadağasını tələb edən Xristianlar Partiyasını isə ümumiyyətlə, koalisiyaya almadılar.

Bu hadisədə məni ən çox kövrəldən kişilərin abort qadağasını qadınlar qədər ehtirasla rədd etməsi oldu. Bu müddət ərzində mən mətbuatda, televiziyada, məktəbdə, kitabxanada, sosial şəbəkələrdə “Qadın öz bədəni ilə bağlı qərarları ancaq özü verə bilər!” cümləsini bəlkə də yüzlərlə kişinin dilindən eşitdim.

Həyatımda ilk dəfə idi ki, bu qədər kişinin dilindən “Bu, qadının öz işidir, qarışa bilməzsiniz!” eşidirdim. Söhbət qadın haqlarından düşəndə, “namus”, “mentalitet”, “ənənə”, “ailə dəyərləri”, “milli dəyərlər” kimi pafosla dolu və bəzən bütün əclaflıqlara haqq qazandıran sözləri yox, “qadın haqları”, “qarışa bilməzsiniz” kimi sözlər. Özü də bunu deyənlərin hamısı heç də siyasətçi, fikir liderləri deyildi, məktəb müəllimləri, əməkçilər, sənətkarlar - hər kəs qadının öz haqqı olduğunu qəbul edirdi.

Bəs biz nə vaxtsa namus, millilik, ənənə, mentalitet deyil, sadəcə qadının ətrafında birləşib, onun haqqına görə narahat olacağıqmı? Biz də nə vaxtsa peşəsindən asılı olmayaraq, kişilərimizin bu haqqı müqəddəs bir şey kimi qəbul etdiyini görəcəyikmi?

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.